40 yaşlı hücumçu Kriştiano Ronaldo idman tarixinin ən gəlirli sövdələşməsinə imza ataraq, "Əl-Nəsr"lə müqaviləsini 2 il müddətinə uzadıb və bu müddət ərzində o, təxminən 492 milyon funt sterlinq (575,64 milyon avro) qazanacaq.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilir ki, Ronaldo illik 178 milyon funt-sterlinq maaşdan əlavə 24,5 milyon funt-sterlinq bonus alacaq, forvard müqavilənin ikinci ilində klubda qalarsa, bu məbləğ 38 milyon funt-sterlinqə yüksələcək.

Bundan əlavə, Ronaldo "Əl-Nəsr"in 33 milyon funt-sterlinq dəyərində 15% hissələrinə sahib olacaq. Səudiyyə çempionatının qızıl butsunu qazanacağı təqdirdə 4 milyon funt-sterlinq, "Əl-Nəsr" kuboku qazanacağı təqdirdə isə 8 milyon funt-sterlinq bonus alacaq. Ronaldo həmçinin Səudiyyə şirkətləri ilə sponsorluq müqavilələri imzalayacaq ki, bu da ona 60 milyon funt-sterlinq qazandıra bilər.

40 yaşlı futbolçu 16 işçi ilə təmin olunacaq: üç sürücü, dörd qulluqçu, iki aşpaz, üç bağban və dörd mühafizəçi.

Ronaldonun "Əl-Nəsr"in təklif etdiyi digər bonuslar hesabına gəlirini artırmaq imkanı əldə edəcəyi, nəticədə 2 illik müqaviləsi zamanı 500 milyon funt-sterlinqdən çox qazana biləcəyi vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest