Əfsanəvi çex yarımmüdafiəçisi Pavel Nedved futbol üzrə Çexiya millisi və gənclər (21 yaşadək) yığmalarının baş meneceri olub.
Matc.az xəbər verir ki, bu barədə "Radio Prague International" məlumat yayıb.
Nedvedin son iş yeri bu ilin yanvar ayından idman direktoru vəzifəsində çalışdığı Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu olub. 52 yaşlı mütəxəssis ötən həftənin əvvəlində bu vəzifəni tərk edib. Səudiyyə Ərəbistanına getməmişdən əvvəl Nedved 2015-2022-ci illərdə "Yuventus"un vitse-prezidenti olub.
Qeyd edək ki, Nedved futbolçu kimi 1994-2006-cı illərdə Çexiya millisində çıxış edərək komanda ilə AVRO-1996-nın finalına yüksəlib. Ümumilikdə o, millinin heyətində 91 oyun keçirib və 18 qol vurub. 2003-cü ildə yarımmüdafiəçi "Qızıl top"u qazanıb.