Azərbaycan Kubokunun yarımfinal çərçivəsində keçirilən "Turan Tovuz" – "Zirə" oyununda baş verənlər diqqəti olmayan futbolumuza yönəldib. Çünki oyundan sonra Tovuz təmsilçisinin prezidenti Ehtiram Quliyev hakim Əliyar Ağayevin ədalətsiz idarəçiliyi ilə bağlı sərt açıqlamalar verib. Nə deyib?

"Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaqüstə içsinlər, haqqımızı içməsinlər". Çox orijinal cümlədir. Tovuz elinin saza, sözə, sənətə olan pak sevgisindən qaynaqlanan bir fikirdir.

Bu açıqlamalardan sonra sosial şəbəkələrdə kampaniya başlayıb ki, bəs Ehtiram Quliyev kimlərinsə dini inancını təhqir edib, buna görə cəzalandırılmalıdır. Əziz din keşikçiləri, bir az ədalətli olun - dini haqqının tapdanmasına etiraz edən klub prezidentimi gözdən salır, yoxsa ən azı bir penaltini təyin etməyən hakimmi?

Həzrət Əli necə gözəl deyib: "Ən xeyirli oruc qul haqqı yeməməkdir. Ömür boyu tutulur". Biz azərbaycanlılar qul haqqını yeməməyi öyrənməliyik. Bütün sahələrdə.

Ehtiram Quliyev nə deyibsə, düz deyib. Azərbaycana yad, qeyri-ənənəvi dini görüşlərin plantasiyasına çevrilmiş futbolumuz haqqında hələ az deyib.

P.S. Ehtiram Quliyevi də, Əliyar Ağayevi də şəxsən tanımıram.

Cavid İsmayıl

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest