Sabirabadın Bulaqlı kəndində yerləşən yeni stadionda böyük futbol coşqusu yaşanır. Vaxtilə Azərbaycan çempionatlarında təmsil olunan Sabirabadda böyük futbol yenidən canlanır. Yerli "Marafon" komandası doğma meydanda ilk rəsmi oyununu keçirib.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Ceyhun Cavadovun baş məşqçisi olduğu kollektiv ölkə kubokunun birinci təsnifat mərhələsi çərçivəsində "Dinamo" ilə üz-üzə gəlib. Bu qarşılaşma həm də Sabirabadın Bulaqlı kəndindəki yeni stadionun istifadəyə verilməsi ilə əlamətdar olub.
Rayonda futbolun yenidən qayıtmasını böyük sevinclə qarşılayan yerli azarkeşlər doğma komandanın gələcəkdə I Liqada çıxış etməsini arzuladıqlarını bildiriblər.
Oyunu izləmək üçün Yenikənd kəndindən gələn futbolsevərlər isə rayonda belə səviyyəli oyunun keçirilməsindən fəxr etdiklərini vurğulayıblar.













