Fransa təmsilçisi "Lill" klubu Liqa 1-in VI turunun "Le Havr" ilə oyununda (1:0) dizindən zədə alan müdafiəçisi Tyaqo Santoşun zədələnməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matçın ilk yarısında "Le Havr"ın yarımmüdafiəçisi Amir Riçardson "Lill"in futbolçusuna qarşı təhlükəli sürüşmə fəndi tətbiq edib. Hadisə nəticəsində Santoş meydandan xərəklə çıxarılsa da, baş hakim Riçardsona yalnız şifahi xəbərdarlıq etməklə kifayətlənib.
Klub rəsmilərinin sözlərinə görə, 24 yaşlı müdafiəçi bu zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. "Lill" məsələ ilə bağlı Fransa Liqasının İntizam Komitəsinə müraciət etdiyini bəyan edib.
Klubun rəsmi açıqlamasında bu iş üzrə hər növ hüquqi addım atmağa hazır olduqları və Santoşun öz hüquqlarını qoruması üçün ona tam dəstək veriləcəyi vurğulanıb: "Klub mümkün hüquqi müdafiə vasitələrini araşdırır və dəymiş ziyanın ödənilməsi üçün hər cür məhkəmə addımları atmaq hüququnu özündə saxlayır. "Lill" öz hüquqlarını qorumaq istəyən Tyaqonun verəcəyi hər bir qərarda onun yanında olacaq".
Öz növbəsində "Le Havr" rəhbərliyi zədələnən futbolçuya şəfa dilədiyini, lakin baş hakimin qərarı ilə tamamilə razı olduqlarını bildirib.
Qeyd edək ki, Tyaqo Santoş Fransa klubuna 2023-cü ilin yayında qoşulub. O, komandanın heyətində meydana çıxdığı 91 rəsmi oyunda 6 qol və 5 məhsuldar ötürmə ilə yaddaqalıb.













