Türkiyə Futbol Federasiyası rəsmi olaraq İtaliyalı mütəxəssis Vinçenso Montella ilə yollarını ayırdığını elan edib. 2023-cü ilin sentyabr ayından etibarən Türkiyə millisinə rəhbərlik edən 52 yaşlı baş məşqçinin bu qərarla karyerası yekunlaşıb. Montellanın rəhbərliyi altında komanda AVRO-2024-də bəzi uğurlara imza atmış və qardaş ölkədə böyük sevgi qazanmışdı. Hətta italyan mütəxəssis öz müsahibələrində özünü bir türk kimi hiss etdiyini bildirmiş, azarkeşlər və media tərəfindən ona vətəndaşlıq verilməsi təklifləri belə gündəmə gətirilmişdi. Lakin futbolun qanunları belədir, ardıcıl uğursuzluqlar bu ayrılığı qaçılmaz etdi.

Məhz bu nöqtədə Türkiyə futbolunun daxilindəki ən böyük paradoks və təzad ortaya çıxır. Türkiyə futbol ictimaiyyəti kənardan gələn bir xariciyə, italyana bir balaca uğur qazanan kimi qucaq açır, onu az qala özünə vətəndaş edib başının tacı edir. Lakin eyni futbol dünyası öz doğma qardaşı olan Azərbaycana və onun futbolçularına gələndə tamamilə fərqli, laqeyd və yuxarıdan aşağı baxan bir münasibət sərgiləyir. Xaricilərə göstərilən bu aşırı canfəşanlığın fonunda, öz qanından, canından olan qardaşına meydanda lazımi hörmətin qoyulmaması ciddi suallar doğurur. Azərbaycanda kifayət qədər "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" azarkeşi var. Ölkəmizdə Türkiyə klublarına bu qədər böyük sevgi bəslənildiyi halda, qardaş ölkə təmsilçilərinin fərqli yanaşması təəssüf doğurur.

Bu acı reallığın ən bariz və fərqli təzahürü isə bu yaxınlarda Bakıda keçirilən yoldaşlıq oyununda yaşandı. "Turan Tovuz" klubunun dəvəti və böyük qonaqpərvərliyi ilə Bakıya gələn "Fənərbaxça" komandası arasında yoldaşlıq oyunu keçirilib və görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Lakin qarşılaşma idman nəticəsindən daha çox meydanda yaşanan xoşagəlməz insidentlə yadda qaldı. İtalyan mütəxəssisə vətəndaşlıq vermək istəyən o futbol mədəniyyətinin təmsilçiləri – "Fənərbaxça"nın iki oyunçusu – Bakının ortasında "Turan Tovuz" futbolçularına qarşı çirkin və tərbiyəsiz hərəkətlər etdilər. Bu aqressiv davranışlar həm Azərbaycan, həm də Türkiyə mediasında kəskin tənqidlərlə qarşılanaraq hər iki ölkənin milli maraqlarına və idman prinsiplərinə tamamilə zidd bir mənzərə yaratdı.

Bu hadisə sübut edir ki, Türkiyə futbolunda xaricilərə göstərilən o müvəqqəti və çılğın sevgi, doğma qardaşa göstərilməli olan sadiqlik və hörmətin önünə keçib. Unutmaq olmaz ki, italyanlar da, klub səviyyəsindəki maraqlar da müvəqqətidir, lakin Azərbaycan azarkeşinin hər zaman Türkiyənin yanında olan daimi qardaşlığı hər şeydən üstündür və bu sarsılmaz bağa sahədəki heç bir tərbiyəsizlik kölgə sala bilməz!

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest