“Komanda olaraq çox yaxşı çıxış etdik və oyundan qopmadıq. Son saniyəyə qədər mübarizə apardıq”. Matc.az xəbər verir ki, bu sözləri “Gəncə” basketbol klubunun baş məşqçisi Murad Dikmen sonra deyib.
Mütəxəssis FİBA Avropa Kuboku çərçivəsində “Kolossos”a qarşı keçirilən oyundan komandasının çıxışını dəyərləndirib.
“Yeni transferimiz, oyun qurucusu Donovan Donaldsonun komandamıza qoşulması da gücümüzü artırıb. Oyun planına uyğun olaraq həm hücumda, həm də müdafiədə üzərimizə düşəni yerinə yetirdik. Məqsədimiz rəqibin ən məhsuldar, 5 nömrəli mövqedə çıxış edən basketbolçusuna daha çox oynamaq imkanı yaratmaq idi. Çünki top onun əlində olduqda rəqib komanda kollektiv şəkildə mübarizə apara bilmir, digər basketbolçular oyundan qopurlar. Bu plan üzərində çalışdıq. Təəssüf ki, rəqibin 21 nömrəli yerli basketbolçusu 6 dəfə dəqiq üçxallıq atış edərək planımızı pozdu” – deyə Dikmən bildirib.
Onun fikrincə, komandası müəyyən müddətdə görüşə nəzarət etməyi bacarıb: “Lakin yorğunluq və rotasiya imkanlarımızın məhdud olması qarşılaşmanın son 2-3 dəqiqəsində özünü göstərdi. Bununla belə, mübarizədən əl çəkmədik. 7-8 xal geridə olmağımıza baxmayaraq, hesab fərqini azaltmağa nail olduq.
Qarşımızda Avropa Kubokunda böyük təcrübəyə malik rəqib var idi. Zaman keçdikcə biz də təcrübə qazanır, daha düzgün basketbol oynamağa çalışan komandaya çevrilirik. Basketbolçularımız bir-birlərinə uyğunlaşırlar. İndi eyni oyunu daxili çempionatda da nümayiş etdirməliyik.
Köməkçilərimə və bütün komanda heyətinə təşəkkür edirəm. Ümid edirəm ki, Gəncədə keçirəcəyimiz növbəti ev oyununda qalib gələrək azarkeşlərimizi, klub rəhbərliyini və bizə dəstək olan hər kəsi sevindirəcəyik”.













