“Sabah” Premyer Liqanın XII turunda səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə darmadağın edib. Matc.az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Litvalı mütəxəssis böyükhesablı qələbədə rəqibin azlıqda qalmasının rolunu xüsusi qeyd edib: “Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu, rəqibə aqressiv şəkildə pressinq edirdik. “Sumqayıt” 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir”.
 
Dambrauskas Xəyal Əliyevin çıxışını da dəyərləndirib. O, futbolçunun komanda üçün önəmli olduğunu vurğulayıb: “Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da bu fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək mənim üçün fərəh hissidir”.
 
Baş məşqçi beş gün sonra “Barselona” ilə keçiriləcək qarşılaşma barədə də danışıb. Həmin matçı karyerasının ən böyük oyunu hesab edib-etmədiyi ilə bağlı suala cavab verən mütəxəssis azarkeşlərə müraciət edib: “Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest