17 Noyabr 2026, 10:38
FUTBOL
“Bütün kollektivə təşəkkürümü bildirirəm. Andorra yığmasına da mənə göstərdiyi hörmətə görə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər kəsdən çox razı qaldım. Azarkeşlərimizə də uzaqda olmağımıza baxmayaraq, mənə ünvanladıqları mesajlara görə təşəkkür edirəm”. Matc.az xəbər verir ki, bunu millimizdə sonuncu oyunnu keçirən Emin Mahmudov deyib.
Təcrübəli futbolçu Azərbaycan millisinin Andorra yığması ilə keçirdiyi yoxlama oyununu dəyərləndirib: “Bir qədər həyəcanlı oyun oldu. Erkən qol vurduqdan sonra ilk hissənin sonlarına doğru oyunun gedişatına nəzarəti bir qədər itirdik. Lakin ikinci qoldan sonra bizim üçün hər şey daha rahat alındı. Yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq”.
Mahmudov qarşılaşmada penalti zərbəsini yerinə yetirmək imkanı qazanmamasına da münasibət bildirib: “Komanda yoldaşlarım bu məsələyə görə məndən daha çox məyus oldular. Heç vaxt bu cür məqamları çox dərinə götürməmişəm. Bəlkə də çox qol vurmağımın səbəblərindən biri də budur. Həmişə qollar lazım olan məqamlarda gəlib. Ona görə də belə hallara görə məyus olmuram. Artıq 35 yaşım var və hər zaman meydanda olmursan”.
Emin yığmada özündən sonra kimin kapitan olmasını istədiyini də açıqlayıb: “Hazırkı məqamda, əlbəttə, Bədavidir. Çünki o, çoxlu oyun keçirib, təcrübəlidir. Azərbaycanda möhtəşəm karyerası var. Gələcəkdə isə bu vəzifəni kimin daşıyacağını zaman göstərəcək. Mahir, Toral, Elvin kimi futbolçularımız var. Onlar hələ gəncdirlər. Amma hazırda ən real namizədin Mahir olduğunu düşünürəm”.
Mahmudov millidəki qol rekordunu gələcəkdə hansı futbolçuların yeniləyə biləcəyindən də danışıb: “Mahir Emreli hazırda yaxşı formadadır və qol vurmaq baxımından da irəliləyir. Amma bilirsiniz, millidə oyunların sayı çox olmur. Əsas odur ki, zədələrdən uzaq olsunlar. Toral, Mahir, Musa bu rekordu yeniləyə biləcək futbolçulardır. Mənim bir il ərzində 17 qol vurmağım da rekordun qırılmasında mühüm rol oynadı. Bu, bir qədər xüsusi göstərici idi. Gələcəkdə kimsə belə məhsuldar çıxış etsə, rekordu yeniləyə bilər”.
Təcrübəli yarımmüdafiəçi futbolçu karyerasını başa vurduqdan sonrakı planları barədə də danışıb: “Əslində, hələ bu barədə düşünməmişəm. Çünki hələ oynayıram. İndidən gələcəyi düşünməyə başlasam, “Neftçi” ikinci plana keçər. Bunu istəmirəm. Hazırda bütün diqqətimi “Neftçi”yə fayda verməyə yönəltmişəm. Oyunçu kimi kömək etməklə yanaşı, kənardan da komandaya dəstək olmağa çalışıram. Baş məşqçimizə kömək edir, futbolçularla söhbətlər aparıram. Bəzi məsələlərdə məşqçimiz müəyyən addımlar atmağımı istəyir və mən də dəstək oluram. İstəyirəm ki, mövsümün sonunadək ən yaxşı formada qalım və komandama meydanda maksimum fayda verim” (futbolinfo.az)













