Premyer Liqamızda I turun qapanış oyunu yeni mövsümdə ilk böyük səs-küyə səbəb oldu. İstər meydandakı mübarizə, istərsə də ondan kənarda yaşananlar paytaxt derbisinə dəyərindən çox qiymət verilməsinə şərait yaratdı.

Meydandan kənarda yaşananlar - "istefa" şüarı səsləndirən "Neftçimania" fan-klubunun polislər tərəfindən stadiondan qovulması, Roberto Bordin və Kirill Petrovun "onlar "Neftçi" azarkeşi deyil" deməklə, fanatları daha da qəzəbləndirməsi, "Forza Neftçi"nin tribunalardan çəkilmək qərarı dünəndən bəri müzakirə olunur. Mən isə meydandakı mübarizəyə, komandaların çıxışına diqqət ayırmağa çalışacam.

6 yeni transfer və düzəldilən səhv

Rəqibindən fərqli, Avropa Liqasında artıq 6 oyun keçirən "Neftçi" daha hazırlıqlı görünməli idi. Bordin avrokubok matçlarındakı heyətə də güvənmişdi. Yeganə fərq ömər Buludovun əvəzinə müdafiənin sağ cinahında Tural Axundovun yer alması idi.

"Sabah"ın start heyətində isə 6 yeni transfer çıxış edirdi. Xüsusən də, müdafiə xəttindəki "dördlük"dən üçünün  yerli və yeni transfer olması diqqət çəkirdi. "Neftçi" 4-3-3 (4-1-2-3), "Sabah" isə 4-5-1 (4-1-4-1) taktiki düzülüşlə meydana çıxmışdı.

Elşad Əhmədovun müdafiəyəmeylli heyətə güvənməsi təsadüfi deyildi. çox güman ki, rəqibin "Neftçi" olması çalışdırıcını bu addıma vadar etmişdi. Yeganə anlaşılmayan məqam Coşqun Diniyevin yarımmüdafiənin sağ cinahında başlaması oldu. Əhmədovun səhv seçimi və gec olmamış bunu düzəltməsi barədə bir qədər sonra bəhs edəcəyik.

"Neftçi" boşluqları görür, amma...

İstənilən halda, "Neftçi"nin dünən qələbə qazanmaq üçün çox səbəbi var idi. Daha güclü futbolçulara malik olması, avrokuboklardakı iştirakla əlaqədar heyətin komplektləşməsi, "Sabah"ın ilk rəsmi oyunu, start heyətində yenilərin çoxluq təşkil etməsi və s. Ancaq ilk dəqiqələr göstərdi ki, "Bney Yehuda"ya biabırçı məğlubiyyətdən sonra Bordin futbolçuları psixoloji sarsıntıdan çıxara bilməyib. Düzdü, "Neftçi" hakimin start fitindən dərhal sonra üstünlüyü ələ aldı, oyunu meydanın rəqibə aid hissəsinə daşıdı. Bəlkə də, komanda hesabı açan tərəf olsaydı, xüsusən də, erkən qol vura bilsəydi, özünə gələrdi. Ev sahibləri ilk yarım saat ərzində 2 təhlükəli hücumla yadda qaldı və hər iki halda zərbə qapıçının üstünə getdi. Bordinin yetirmələri bütünlüklə irəli atılsa da, rəqibin "ikimərtəbəli" müdafiə xəttini yarmaq müşkülə çevrilmişdi. Halbuki, "Sabah" müəyyən boşluqlar buraxırdı. Xüsusən də, komanda həm müdafiə olunarkən, həm də hücuma keçərkən cinahlardan axsayırdı.

Qonaqlar ən böyük boşluğu sağ cinahda buraxırdı. Məhəmməd Mirzəbəyovun hazırlıqsız olduğunu və önündə yer alan Coşqun Diniyevin özünü itirdiyini görən "flaqman" ağırlığı məhz həmin cinaha verirdi. Ancaq Bəhlul Mustafazadə təkbaşına həm özü işini məharətlə görürdü, həm də Mirzəbəyovu sığortalamaqla məşğul idi.

Dönüş anı olan epizod

Elşad Əhmədov Diniyevlə bağlı seçiminin yanlış olduğunu yarım saat sonra dərk etdi, nəticədə onunla Rəşad Eyubovun yerini dəyişdi. Cəmi 3 dəqiqə sonra isə Eyubov baxımlı əks-hücumu məhz həmin mövqedən irəliləyərək qolla tamamladı. Bundan 5 dəqiqə sonra rəqibi azlıqda yaxalayan "Sabah" oyunçuları irəlidə 5 nəfərlə Səlahət səddinə "ilişdi". Bu, bir növ dönüş anı oldu. Həmin epizodda qol olsaydı, bəlkə də, indi "Sabah"ın aktivində 3 xal var idi. çünki cəmi 1 dəqiqə sonra "Neftçi" standart vəziyyəti bərabərlik topu ilə tamamladı. Coşqundan yayınan Mustivara toru silkələmək üçün heç kim mane olmurdu. Haitili bununla buraxılan qoldakı mövqe səhvini sığortaladı.

Limitin yaratdığı problem

İkinci hissə də ilk yarının əvvəllərindəki ssenari üzrə başladı. Yenə meydan sahibləri irəlidə qol axtaran tərəf idi. Amma qonaqlar artıq bütünlüklə müdafiədə oturmurdu. Birinci hissədəki qolun "Sabah" futbolçularını həvəsləndirdiyi hiss olunurdu. "Neftçi"nin Platellasın fərdi ustalığı sayəsində bir hərəkətlə rəqibin 4 oyunçusunu sıradan çıxarıb, topu qapıçının üstünə vurduğu epizoddan başqa həmləsi olmadı.

"Sabah"ın ilk əvəzləməsi az qala qolla nəticələnəcəkdi. Diallolar və Ekşteynin qurduğu gözəl hücumun qolla tamamlanmasına Səlahət və dirək imkan vermədi. Hər iki baş məşqçi əvəzləmələrlə bərabərliyə razı olmadığını göstərirdi. çünki dəyişikliklər bir qayda olaraq ön xətlə bağlı idi. Yalnız "Sabah"da limitə düşən Abbas Ağazadənin zədələnməsi Elşad Əhmədovun planlarını pozdu. Onun əvəzinə meydana daxil olan Şakir Seyidov bir müddət sağ cinah yarımmüdafiəçisi kimi, Ekşteyn isə müdafiəyə daha yaxın oynadı. Həmin müddətdə Cavid İmamverdiyev pleymeyker mövqeyində çıxış etməli oldu. Ancaq çox keçmədən Seyidov ortaya, Ekşteyn əvvəlki mövqeyinə keçdi, həmçinin Diallolar və Cavid də bir-birləri ilə yerlərini dəyişdilər. Eyni zamanda İmamverdiyevin yerinə adaşı Tağıyev mübarizəyə qoşulandan sonra da yerdəyişmələr oldu.

"Neftçi" 2 xal itirmədi, 1 xal qazandı

"Neftçi"nin dəyişiklikləri zamanı da taktiki düzülüşə əl dəyilməsə də, müxtəlif yerdəyişmələr edildi. Məsələn, ilk əvəzləmədən sonra sağa keçən Monroz son dəqiqələrdə, konkret olaraq Rauf-Rəhman dəyişikliyinin ardından hücumun mərkəzində oynamalı oldu. Əlavə edilmiş dəqiqələri də nəzərə alsaq, cəmi 17 dəqiqə meydanda olan gənc İsmayıl Zülfüqarlı isə bu müddətdə əvvəlcə pleymeyker, ardından sol insayd mövqeyində yer aldı.

Qarşılıqlı əvəzləmələr "Sabah"ı qələbəyə daşıya bilərdi. Di gəl ki, 90-cı dəqiqədə futbolda nadir görülən hadisə "Neftçi"ni məğlubiyyətdən qurtardı. Belə ki, Şakir Seyidovun başla zərbəsindən sonra top həm tirə, həm də dirəyə dəyərək, qapıya daxil olmamaqda inadkarlıq etdi. Əlavə edilmiş vaxtda isə Namiq Ələsgərovun uzaq məsafədən fərqlənmək arzusunu Bezruk ürəyində qoydu və mövsümün ilk heç-heçəsi qeydə alındı.

Mustivarın vurduğu ziyan, "Sabah"ın yorğun yerliləri

Buna qədər avrokuboklarda oyunlar keçirən "Neftçi" barədə artıq konkret fikir formalaşıb. Bayaq da dediyim kimi, komandada yeganə problem psixoloji gərginlik idi. Və bir də Soni Mustivarın "Bney Yehuda" ilə görüşlərdə olduğu kimi, ləng oyunu rəqibin hücumları zamanı "Neftçi" müdafiəsinə çətin anlar yaşatdı.

"Sabah"a gəlincə, ilk rəsmi görüş olduğundan, müəyyən problemlərin aşkar görünməsi başadüşüləndi. Ancaq bəzi futbolçuların zəif çıxışına heç cür bəraət qazandırmaq mümkün deyil. Məsələn, kapitan Cavid İmamverdiyev hədsiz çox top itkisinə yol verir, ağır davranırdı. Komandanın sürətli əks-hücumları zamanı ümumi ansambldan geri qalırdı. Bu da bütün yükün sağ cinaha düşməsinə səbəb olurdu. Həmçinin cinah müdafiəçiləri Məhəmməd Mirzəbəyov və Təmkin Xəlilzadə formadan uzaq göründü. Onlar, əsasən də, ikinci hissədə hücuma gedərkən geri qayıtmırdılar. Hətta rəqibin onların cinahından hücum qurduğu gördükləri zaman da gəzərək dönürdülər. Bu baxımdan Mirzəbəyovun zəif oyununu xüsusi vurğulamaq lazımdı. Müdafiəçi əks-hücumlar zamanı dəfələrlə adi epizodda topu komanda yoldaşının önünə deyil, arxasına ataraq, hücumu ləngidirdi. Cavid və Məhəmməd sanki mövsümün ilk yox, son oyununa çıxırmış kimi, çox yorğun görünürdülər.

"Sabah"ın heyətində Bəhlul Mustafazadə və Hendrik Ekşteyn yaxşı mənada digərlərindən fərqlənirdi. Bəhlul etibarlı oyunu ilə müdafiə xəttində problem yaşayan milli komandamız üçün ümid mənbəyi oldu. Ekşteyn isə sürəti və texnikası ilə "Sabah"a çox xeyir verəcək. Onun Ulise Diallo ilə yüksək səviyyədə anlaşması da rəqib komandalar üçün həyəcan təbili olmalıdı.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest