Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yayda komandasını dəyişə bilər. Matc.az İsveç mətbuatına istinadən xəbər verir ki, gənc forvardın hazırda üzvü olduğu “Yurqorden” klubu onunla yolları ayırmağı planlaşdırır.

Stokholm təmsilçisinin baş məşqçisi Bosse Andersson rəhbərliklə söhbətində Musanın əsas heyətə düşə bilmədiyini və onun başqa komandada daha uğurlu çıxış edəcəyini söyləyib. Bu mənada, Qurbanlının yayda icarəyə verilmək ehtimalı yüksəkdi. 22 yaşlı hücumçunun başqa kluba birdəfəlik transferi də baş tuta bilər. Lakin bunun üçün Musanı heyətinə qatmaq istəyən klub “Yurqorden” rəhbərliyini razı salmalıdı.

Stokholmlular Qurbanlını ucuz qiymətə satmağı düşünmürlər. “Yurqorden” onu “Qarabağ”dan aldığı qiymətdən baha qiymətə satmaq niyyətindədi. “Yurqorden” rəhbərliyi yığmamızın üzvünə 1,5 milyon manat transfer qiyməti qoyub. Bu məbləği ödəyən klub çıxmasa, Qurbanlı hazırkı komandasında saxlanılacaq.

“Yurqorden”lə 2026-cı ilin yayınadək müqaviləsi olan Musanı heyətinə qatmaq istəyən klubların sırasında “Qarabağ” da var. İsveç mediasının yazdığına görə, Ağdam klubu sabiq futbolçunu qaytarmaq fikrində olsa da, hələlik qarşı tərəflə rəsmi danışıqlara start verməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest