“Səbail” klubunun baş məşqçisi Şahin Diniyevin matc.az saytına müsahibəsi

- Türkiyə toplanışı necə keçdi? Komandanız yeni mövsümə neçə faiz hazırdı?

- Ərzurumda keçirdiyimiz 2 həftəlik təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Uşaqlardan çox razıyam. Verdiyimiz tapşırıqları, demək olar ki, maksimum yerinə yetirdilər. Əsasən, fiziki, funksional və atletik hazırlığın üzərində işləyirdik. Təməli qoyurduq, komandanın gücü olmalıdı. Düşünürəm ki, buna nail olduq. Çempionatın startınadək qalan qısa vaxt ərzində isə daha çox taktiki sxemlərin üzərində işləməliyik. Artıq komandanın taktiki-texniki hazırlığına daha çox fikir verməli, standart vəziyyətlərin üzərində çalışmalıyıq. Çempionatın başlanğıcına qədər heç bir komanda yüz faiz hazır olmayacaq. Çempionat getdikcə yavaş-yavaş formaya düşəcəklər. Komanda tam formaya düşənə qədər də xallar yığmağa çalışacağıq. Bu, bizim üçün prioritet məsələdi.

- Heyətdə xeyli dəyişiklik baş verdi, demək olar ki, yeni komanda formalaşdırırsınız. Bu amil yeni mövsümdə işinizi bir qədər də çətinləşdirməyəcək?

- Bəli, heyətimizdə dəyişikliklər baş verdi, yenidən komanda formalaşdırmağa məcburuq. Çox əziyyətli işdi, bunu mən anlayıram. Ancaq mənim də alnıma bu yazılıb. Hazırda yeni komanda formalaşdırırıq. Stabil nəticə istəyirsənsə, stabil heyətin olmalı və futbolçular uzun zaman bir yerdə çalışmalıdılar. Əfsuslar olsun ki, bu alınmadı. Gedən futbolçuların hər birinə uğurlar arzulayıram, onların hamısı mənim üçün əziz idi. Doğrudan da, işimiz çox çətinləşdi. Ancaq bu işin öhdəsindən gəlməyə çalışacağıq, başqa yolumuz yoxdu. Səbəb də axtarmamalıyıq, bu, artıq bizim seçimimizdi.

- Ayrılan futbolçulardan ən çox kimin gedişi sizi üzdü?

- Yaxşı kollektiv formalaşdırmışdıq, gedənlərin arasında yüksək səviyyəli futbolçular çoxdu. “Səbail”də hər birinin yeri görünəcək, hamısı komanda üçün böyük işlər görmüşdülər, gedişləri mənim üçün ağır zərbədi. Ancaq sırf bir nəfəri soruşursunuzsa, Anas Najahın adını çəkərdim.

- Qarşıdakı günlərdə növbəti transferlər gözlənilir?

- Transfer fəaliyyətimizi bitirdik. Son olaraq "8 nömrə" mövqeyində oynayan israilli yarımmüdafiəçi Gitay Sofirlə müqavilə bağladıq və bununla da transferlərə son qoyduq. Artıq komanda formalaşmaq üzrədi. Çempionatda “Zirə” ilə keçirəcəyimiz ilk matça hazırlaşırıq.

- Yeni mövsümdə "Səbail"in hədəfi nə olacaq? Komandanın gücü neçənci yeri tutmağa çatacaq?

- Hədəf həmişə maksimum olmalıdı. Əgər minimum nəticə üçün oynayırsansa, işləməyinə dəyməz. Çalışacağıq ki, turnir cədvəlində ən yaxşı yerlərdən birini tutaq. Biz Premyer Liqada qalmaq üçün yox, daha yaxşı yerlər uğrunda oynayacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest