çox dil bilmək yaxşı məziyyətdi. Nə qədər çox xarici dil bilsən, o qədər informasiya qəbul etmək imkanların, eyni zamanda özünü ifadə şansın çoxalar, daha geniş auditoriyaya müraciət edə bilərsən. Düşünürəm ki, bu fikirləri deməklə özümdən "Amerika kəşf etməmişəm", hər kəsin bildiyi, qəbul etdiyi açıq həqiqətlərdi bunlar. Amma...

Bax, bu "amma"nı mütləq diqqətdə saxlamaq lazımdı. Nə qədər çox dil bilirsənsə bil, nə qədər rəngarəng auditoriyaya xitab edirsənsə et, öz dilinə hörmət etmirsənsə, bütün gördüyün işlər olur sıfır. Bəli-bəli, sıfır.

Yazıya belə geniş müqəddimə ilə giriş eləməkdə məqsədim, bizim Voleybol Federasiyasının mətbuat xidmətinə bir balaca irad tutmaq istəyidi. Kişilər arasında Gümüş Avropa Liqasının oyunları start götürüb, yığmamız Rumıniya ilə qarşılaşıb, 1:3 hesabı ilə məğlub olub. Bura qədər hər şey qaydasında.

Oyuna qədər hazırlıq prosesi haqqında məlumatları və açıqlamaları doğma dilimizdə təqdim edən rəsmi səhifə niyəsə birdən-birə ingilisdilli olmağı qərar alır. Qarşılaşmanın hesabı, matçdan sonra baş məşqçi Fərid Cəlalovun və milli üzvü Rəsul İbrahimovun açıqlamaları ingiliscə dilində paylaşılıb.

Görəsən, federasiyanın mətbuat xidməti və sosial şəbəkədən məsul əməkdaşı hansı zərurəti hiss edib ki, azərbaycanlı Fərid Cəlalovun açıqlamalarını ingilis dilinə tərcümə eləyib?  Komandanın əsasını yerli oyunçular və rus legionerlər təşkil edirsə, bu ingilis marağı hardan çıxdı?

ümumiyyətlə, səhifənin statistikasına baxmaq imkanımız olsaydı, görərdik, izləyicilərin neçə faizi ingilisdilli kontingentdi ki, belə avantürist tədbirlərə əl atırlar?

Kobud da səslənsə, bir el məsəlini xatırladacam. Deyir, atan soğan, anan sarımsaq, sən hardan oldun gülməşəkər?

Görünür, "çoxbilmişlik azarı" voleybol federasiyasının əməkdaşlarından da yan keçməyib. Əgər onlar yüksək dil biliklərini sərgiləmək istəyirlərsə, zəhmətdən keçib, heç olmasa, açıqlamaların Azərbaycan dilində qarşılığını da qoysunlar.

Hər şeydən əvvəl, doğma dilimizə, ölkəmizə hörmət əlaməti olaraq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest