Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”da vəziyyət heç də ürəkaçan deyil.

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”da vəziyyət heç də ürəkaçan deyil.

Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisi mövsümün sonunda elitanı tərk edə bilər.

Düzdür, hazırda komanda turnir cədvəlində autsayderlər arasında deyil. “Araz-Naxçıvan”ın aktivində olan 27 xal və mövsümün sonunadək əldə edəcəyi ehtimal olunan xallar naxçıvanlıların idman prinsipləri baxımından Premyer Liqada qalması üçün yetərli ola bilər.

Amma indiki məqamda komanda üçün əsas təhlükə maliyyə, sponsor məsələsidir.

Məsələ burasındadır ki, “Araz-Naxçıvan”ın prezidenti Ramin Axundov hazırda dəyəri milyonlarla ölçülən siqaret qaçaqmalçılığına görə ölkədən qaçıb və onun barəsində axtarış elan edilib. Ramin Axundovun qardaşı, “Araz-Naxçıvan”ın de-fakto rəhbəri Zaur Axundov barəsində isə bu məsələ ilə bağlı cinayət işi açılıb, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Qardaşların sahib olduğu şirkətlərin adları da məhz bu külli miqdarda qaçaqmalçılıqda çəkilir. Hansı ki, bu şirkətlər eyni zamanda “Araz-Naxçıvan”ın sponsorlarıdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi bu əməliyyatdan sonra bir sıra maraqlı iddialar da ortaya atılıb. İstər-istəməz sual yaranır: Qaçaqmalçılıqda əldə edilən pullar “Araz-Naxçıvan”ın üzərindən “yuyulub”? Hər halda bu iddianın da rəsmi qurumlar tərəfindən araşdırılacağı istisna deyil.

İndi isə ən aktual sual “Araz-Naxçıvan”ın aqibəti ilə bağlıdır. Düzdür, indiki durumda Naxçıvan təmsilçisinin cari mövsümdəki fəaliyyəti ilə bağlı hər hansı qaranlıq məqam yoxdur. Naxçıvanlılar mövsümü dövlətin ayırdığı 2,5 milyonluq vəsait hesabına başa vuracaq. Belə ki, dövlət tərəfindən AFFA vasitəsilə klublara köçürülən vəsaitlərin hissə-hissə komandalara ödənilməsi məhz bu cür fors-major hallara görə hesablanıb.

Daha öncəki acı təcrübələr bu cür ehtiyatlı addımların atılmasına zərurət yaradıb. Çünki 2,5 milyon mövsümün əvvəlində ödənilsəydi, o zaman klub rəhbərliyi bütün vəsaiti xərcləyə, sona bir qəpik də saxlamaya bilərdi. Hər halda Ramin Axundovda belə bir potensialın olduğu sonradan üzə çıxdı.

Ancaq isənilən halda mövsümün sonunda “Araz-Naxçıvan”ın xalları Premyer Liqada qalmaq üçün yetərli olsa belə, yeni mövsüm üçün lisenziya şərtlərinə əməl etməlidir. Lisensiziya məsələsində ən aktual məsələ isə maliyyədir. Buna əməl edilmədiyi təqdirsə isə Peşəkar Futbol Liqasının Əsasnaməsi dövrəyə girir.

Əsasnamədə qeyd olunub ki, Premyer Liqada iştirak edən klub növbəti mövsüm üçün elitada iştirak etmək hüququnu verən lisenziyanı almadığı halda, o, Premyer Liqada iştirak etmək hüququndan məhrum edilir və avtomatik olaraq I Liqaya yuvarlanır.

İndiki durumda qış fasiləsindən sonra qələbəyə üzünə həsrət qalan “Araz-Naxçıvan”ın buna doğru getdiyi açıq-aydın görünür. Hazırda başsız qalan klubun aqibətinin necə olacağı ehtimal olunsa da, gələcəklə bağlı konkret nəsə deyən klub rəhbəri tapılmır – qardaşlardan biri qaçıb, digəri də ev dustaqlığındadır…

Qeyd edək ki, “Araz-Naxçıvan” 2014-cü ildə də Premyer Liqada iştirakını yarıda dayandırmışdı. Həmin il 11 oyunun 9-da məğlub olan naxçıvanlılar bunun səbəbini hakim ədalətsizliyi ilə əlaqələndirsə də, qərarın həmin dönəmdə Ali Məclisin sədri olan Vasif Talıbov tərəfindən verildiyi heç kimdə şübhə doğurmurdu. Klub həmin dönəm qeyri-peşəkar idarəetmə ilə yadda qalmışdı.

(Teleqraf)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest