Fransa milli komandasının baş məşqçisi Didye Deşamın anası vəfat edib və mütəxəssis 2026-cı il dünya çempionatı zamanı ABŞ-da düşərgə salmış yığmanın düşərgəsini tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport"un jurnalisti Fabris Hovkins Fransa Futbol Federasiyasına (FFF) istinadən məlumat yayıb.
Məşqçi doğmalarının yanında olmaq və dəfn mərasimində iştirak etmək üçün ABŞ-dan ayrılacaq. Təcrübəli mütəxəssis iyunun 26-da qrup mərhələsinin son turunda Norveçə qarşı keçiriləcək matçda komandanın başında ola bilməyəcək. Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo ilə razılaşmaya əsasən, Didye Deşam qayıdana qədər komandanı idarə etməyi köməkçisi Gi Stefana tapşırıb.
Fransa millisinin bütün üzvlərinin bu xəbərdən sarsıldığı bildirilir.
Qeyd edək ki, 2-ci turdan sonra Fransa yığması altı xalla I qrupunun turnir cədvəlinə başçılıq edir.













