"Barselona" "Əl-Əhli"dən 18 yaşlı misirli hücumçu Həmzə Əbdəlkərimi birdəfəlik transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu yanvar ayında icarə əsasında Kataloniya klubuna qoşulmuşdu və U-19 gənclər komandasında çıxış edirdi. Onunla 30 iyun 2029-cu ilə qədər müqavilə imzalanıb. Müqavilənin maliyyə detalları isə açıqlanmır.
"Barselona" U-19 komandasında çıxış edən forvard 11 oyunda 6 qolla yaddan qalıb. Onun ən parlaq oyunu "Monte-Karlo"ya qarşı (9:0) keçirilən matç olub. Həmin görüşdə het-trik edən futbolçu komandasının "División de Honor"da çempionluq titulunu təmin etməsinə kömək edib.
Hazırda 18 yaşlı futbolçu Misir millisinin heyətində dünya çempionatındadır və Belçika ilə Yeni Zelandiyaya qarşı matçlarda iştirak edib.
Xatırladaq ki, daha əvvəl "Jirona"nın vingeri Viktor Tsıqankovun "Barselona"nın maraq dairəsinə düşdüyü və klubun Ukrayna millisinin üzvünü heyətinə qatmaq variantını nəzərdən keçirməyə hazır olduğu bildirilirdi.













