Amsterdamın "Ayaks" klubunun belçikalı vingeri Mika Qodts PSJ-nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Fransa çempionunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 5 illik - 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği rəsmən açıqlanmasa da, söhbət 45 milyon avro və əlavə 10 milyon avro mümkün bonuslardan gedir.
Qodts futbol karyerasına "Anderlext" və "Genk" akademiyalarında başlayıb. Peşəkar futbolda isə debütünü 18 yaşında strukturuna daxil olduğu "Ayaks"ın heyətində edib.
Ötən mövsüm Qodts klubun heyətində bütün turnirlərdə meydana çıxdığı 44 matçda 17 qol vurub və 15 məhsuldar ötürmə edib. Bu ilin yazında 21 yaşlı vinger Belçika millisində debüt edib və hazırda yığmanın heyətində iki oyun keçirib.












