Uels yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun üçün təxmini "11-liy"i məlumdu. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz start heyətini müəyyənləşdirib.
Gənc mütəxəssis 4-2-3-1 taktiki sxeminə etibar edəcək. Həmkarlarımızın iddiasına görə, qarşılaşmada çərçivəni Ueyn Hennesi qoruyacaq. Gənc oyunçular Co Rodan və Kris Mefam müdafiənin mərkəzində yer alacaq. Ben Deyvis sol, Konnor Roberts isə sağ cinahda çıxış edəcək.
Müdafiəçilərin önündə 2 orta sahə oyunçusu qərarlaşacaq ki, bunlar Co Allen və Ethan Ampdaudu. Komandanın lideri və yeni transferi Qaret Beyl pleymeyker funksiyasını yerinə yetirəcək.
"Mançester Yunayted"in heyətində mövsümə əla başlanğıc edən Daniel Ceyms sol, "Bornmut"un aparıcı oyunçularından Harri Uilson isə sağ cinahdan hücuma dəstək verəcək. Yığmamızla qarşılaşmada komandanın əsas qol ümidi Sem Uoks olacaq.
Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.