"Avropa çempionatının final mərhələsində oynamaq istəyirəm. Bura qədər uzun yol qət etmişəm və böyük turnirə qatılmaq niyyətindəyəm". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının yarımmüdafiəçisi Tom Laurens deyib.
Britaniya təmsilçisi AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək. Oyunöncəsi yerli mətbuata danışan 25 yaşlı hücumameyilli futbolçu hədəflərinin böyük olduğunu vurğulayıb.
Laurens komandanın yeni kapitanı Qaret Beylin də bu baxımdan üzərinə böyük yük düşdüyünü deyib: "Azərbaycanla oyuna yeni başlanğıc kimi baxırıq. Hamımız meydana çıxmağı səbirsizliklə gözləyirik. Məqsədimiz bu matçdan qalib ayrılmaqdı. Biz Qaret Beyl kimi dünyanın ən yaxşılarından sayılan oyunçuya sahibik. Onun yığmamızın heyətində meydana çıxması Uels üçün əlavə üstünlükdü. Ancaq hər şeyi təkcə Beylin öhdəsinə buraxa bilmərik. Digər oyunçular da komandaya kömək etməlidilər".
Qeyd edək ki, sabah Kardiff şəhər stadionunda keçiriləcək Uels – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.