Dünən "France Football" nəşrinin versiyasına görə dünyanın ən yaxşı futbolçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "Qızıl top" mükafatına Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç yiyələnib.

Ulduz futbolçu Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqibidi. Gələn il keçiriləcək seçmə oyunlarda yığmamıza qarşı oynamaq imkanı qazanacaq.

O, titulun sahibi kimi millimizlə üz-üzə gələn ilk futbolçu kimi tarixə düşəcək. İndiyədək heç vaxt "Qızıl top"un sahibi Azərbaycan millisi ilə üz-üzə gəlməyib.

Söhbət dünyanın ən yaxşı futbolçusu adını daşıdığı müddətdə yığmamızla qarşılaşmaqdan gedir. Titulu bir il daşıyan "Qızıl top" sahibləri heç vaxt millimizlə üz-üzə gəlməmişdi.

Düzdü, çoxlarına elə gələ bilər ki, Kriştianu Ronaldo bunu bacarıb. Amma portuqaliyalı "Qızıl top"a 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə yiyələnib. Heç vaxt titulun sahibi kimi millimizlə qarşılaşmayıb. çünki onun yığmamızla duellər 2006, 2007, 2012 və 2013-cü illərə təsadüf edib. Yığmamızla oynadığı ildə "Qızıl top"u qazansa da, mükafatı əldə edəndən sonra rəqibimiz olmayıb.

Azərbaycan millisinin beynəlxalq arenaya çıxdığı vaxtdan sonrakı dövrdə titula yiyələnən Avropa təmsilçilərinə nəzər salaq. Ronaldaodan başqa hollandiyalı Marko van Basten (1992), italiyalı Roberto Baco (1993), bolqarıstanlı Xristo Stoiçkov (1994), almaniyalı Matias Zammer (1996), fransalı Zinəddin Zidan (1998), portuqaliyalı Luiş Fiqu (2000), ingiltərəli Maykl Ouen (2001), çexiyalı Pavel Nedved (2003), ukraynalı Andrey Şevçenko (2004), italiyalı Fabio Kannavaro (2006) bu titula sahib çıxıb.

Hollandiya ilə heç vaxt qarşılaşmamışıq. Fiqunun komandası ilə 1999-cu ildə də görüşsək də, Luiş hələ ən yaxşı seçilməmişdi.

Bolqarıstanla 2000-ci, İngiltərə ilə 2004-cü, Ukrayna ilə 2006-cı, Almaniya və çexiya ilə 2009-cu ilədək üz-üzə gəlməmişik ki, bu ölkə təmsilçilərinin titulları daha əvvəl qazanılıb. Fransa ilə 1994-95-ci ildəki oyunlarda Zidan hələ yeni ulduz olmağa başlamışdı.

İtaliya ilə 2002, 2003, 2014 və 2015-ci illərdəki uğurlar Kannavaro və Baco ulduz saatlarına düşməyib.

Digər illərdə isə heç vaxt qarşılaşmadığımız Cənubi Amerika və Afrika təmsilçiləri "Qızıl top"u qazanıb. 1995-ci ildə liberiyalı Corc Vea, 1997 və 2002-ci ildə braziliyalı Ronaldo, onun həmyerlilərindən 1999-cu ildə Rivaldo, 2005-ci ildə Ronaldinyo, 2007-ci ildə Kaka, həmçinin 5 qat qalib (2009, 2010, 2011, 2012, 2015) argentinalı Lionel Messi "Qızıl top"u əldə edib.

Qeyd edək ki, Modriçli Xorvatiya ilə 2019-cu ildəki oyunlar martın 21-də səfərdə, sentyabrın 9-da evdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest