"Bizi maraqlı bir qrup gözləyir". Matç.az saytının məlumatına görə, bu sözləri Slovakiya yığmasının hücumçusu Mixal Dyuriş deyib.

Slovakiya AVRO-2020-nin seçmə mərhələsində millimizlə eyni qrupa düşüb. Bununla bağlı yerli mətbuata danışan 30 yaşlı forvard Uelslə görüşü xüsusi vurğulayıb. O, 2016-cı ildə keçirilən Avropa çempionatının qrupunda britaniyalılara 1:2 hesablı məğlubiyyəti hələ də unutmadığını söyləyib: "Uelslə seçmə mərhələdə qarşılaşmağımız mənim üçün təəccüblü oldu. AVRO-2016-nın final mərhələsində onlarla bir qrupda yer almışdıq. Uelsdən alınacaq revanşımız var. Bu da şəxsən məni həvəsləndirir".

"Anortosis"in üzvü yığmamızdan çəkindiyini də etiraf edib: "Macarıstanla oyunlarımız maraqlı alınacaq. Bu, xüsusən də, azarkeş marağı baxımından önəmlidi. Sonuncu rəqibimiz olan Azərbaycan arzuolunmaz komandadı. Onlarla bir qrupa düşmək heç də sevindirici olmadı. Azərbaycana yuxarıdan aşağı baxa bilmərik".

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Slovakiya, Azərbaycan, Uels, Xorvatiya və Macarıstan E qrupunda yer alacaq. Qrupun IV turunda (11 iyun) Slovakiyanı qəbul edəcək millimiz son turda (19 noyabr) bu komandanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest