Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində keçirəcəyi daha bir oyunun yeri dəqiqləşib. Matç.az saytı xəbər verir ki, Slovakiya ilə səfər qarşılaşması Bratislavada baş tutacaq.
2019-cu il noyabrın 19-da keçiriləcək son turun görüşü paytaxtdakı Milli stadion qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Açılışı gələn il gerçəkləşəcək arena "Slovan" klubu və yığmanın ev oyunları üçün nəzərdə tutulub. İnşası 2013-cü ildə başlayan və smetası 75 milyon avro olan bu stadion 22 min 500 tamaşaçı tutumuna malikdi. Seçmə mərhələdəki ilk ev qarşılaşmasını Trnavada Macarıstana qarşı keçirəcək slovakiyalılar yeni arenaya sonradan köçəcək. Xorvatiya, Uels və Azərbaycanla matçlar bu stadionda baş tutacaq.
Qeyd edək ki, seçmə mərhələyə Bratislavada yekun vuracaq millimiz tsiklin ilk qarşılaşmasını Xorvatiya ilə Zaqrebdə keçirəcək. Daha bir səfər oyunu – Uelslə matçın keçiriləcəyi məkan bəllidi. Görüş Kardiffdəki eyniadlı stadionda təşkil olunacaq.