Bu yay keçiriləcək AÇ-2020-nin ev sahiblərindən bəzisi dəyişdirilə bilər. Matc.az xəbər verir ki, UEFA 12 ev sahibi ölkə ilə müzakirələrdən sonra mövcud durumu açıqlayıb.
 
Koronavirus pandemiyası ilə əlaqədar AÇ-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul edilməli idi. Artıq əksər ölkələr bu məsələ ilə bağlı yekun qərarını UEFA-ya təqdim edib. Qurumun rəsmi saytındakı açıqlamada Bakı və Sankt-Peterburqda təşkil olunacaq matçlarda stadionun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi diqqətə çatdırılıb. Macarıstan isə Budapeştdəki matçlarda stadionların tam dolmasını istəyir.
 
Amsterdam, Buxarest, Kopenhagen və Qlasqodakı oyunlarda isə stadionların ümumi tamaşaçı tutumunun 25-33 faizi qədər azarkeşin iştirakı nəzərdə tutulur. İngiltərə də “Uembli”də baş tutacaq oyunlarda azı 25 faiz azarkeş qəbuluna razılıq verib.
 
Yerdə qalan dörd şəhər isə hələ də UEFA-ya yekun qərarını təqdim etməyib. Söhbət Almaniyanın Münhen, İtaliyanın Roma, İspaniyanın Bilbao və İrlandiyanın Dublin şəhərlərindən gedir. Qitə futbol qurumu bu şəhərlərlə bağlı yekun qərarını aprelin 19-da baş tutacaq iclasında açıqlayacaq. Bu şəhərlərdə azarkeşlərin stadiona buraxılmasına icazə verilməsə, böyük ehtimalla, UEFA fərqli ev sahibi seçmək məcburiyyətində qalacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest