"Fənərbaxça" Prezidenti Aziz Yıdırım öz gələcəyi, qış transfer dövrü və "Qalatasaray" derbisi haqqında diqqətçəkən açıqlamalar verib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ferudun Niğdelioğlu məlumat yayıb.
Bildirilir ki, Yıldırım "Qaziantep" matçından sonra keçirdiyi görüşdə mövsümün sonunda prezidentlik postunu qəti olaraq buraxacağını söyləyib.
Komandanın hələ hazır olmadığını, lakin irəliləyən müddətdə istənilən səviyyəyə gələcəyini qeyd edən klub rəhbəri, yanvar ayına qədər minimum xal itkisi ilə gedəcəkləri təqdirdə qış "transfer pəncərəsi"ndə lazımi gücləndirmələrin ediləcəyini vurğulayıb.
Aziz Yıldırım mövsümün sonunda çempion olacaqlarına inamının tam olduğunu bildirib:
"Bu komanda uğur qazanacaq. Öz meydanımızda "Beşiktaş"a uduzmuş ola bilərik, lakin səfərdə "Beşiktaş"a qalib gələ bilərik. Oktyabrın 26-da isə doğma divarlar arasında "Qalatasaray"ı məğlub edəcəyik, bunu bugündən söyləyirəm".
İsmayıl Kartalın vəzifəsinin başında qalacağını xatırladan Yıldırım, baş məşqçi axtarışı ilə bağlı iddiaları da təkzib edib. O, mütəxəssisə güvəndiyini bu sözlərlə ifadə edib:
"İsmayıl Kartal "Fənərbaxça"nın məşqçisidir. "Gedirəm, qala bilmirəm" deyənə qədər də bu dəqiqədən sonra komandanın başındadır, heç kim narahat olmasın. Mən onunla davam edəcəyimi açıqladığım halda onlarla menecer, onlarla mütəxəssis özünü təklif etdi. Biz heç kimlə görüşmədik, yalan danışmasınlar".
Mövsümün sonunda missiyasını tamamlayacağını təkrarən vurğulayan prezident, söz verdiyi kimi komandanı Çempionlar Liqasına çatdırdığını və bu turnirdə "Fənərbaxça"nın həm pul, həm də reytinq xalları qazanacağına inandığını əlavə edib.



_1789589639.jpeg)









