Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, yarış ilk günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Təmsilçimiz Əfqan Xaşalov (57 kq) ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. O, daha sonra rumıniyalı güləşçi ilə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Əfqan bürünc medal uğrunda görüşdə Aryan Tsiutrin (Belarus) - Givi Davidovi (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq çəkidə mübarizə aparan Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də mübarizədən kənarlaşdıran Rəhimzadə adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş olduqca maraqlı alınıb. Əli hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib. Güləşçimiz üçüncü yer uğrunda görüşdə George Ramm (Böyük Britaniya) - Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə gücünü sınayacaq.

Turan Bayramov (70 kq) 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibinə də gücünü göstərən Bayramov finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə həmyerlimizin rəqibi rusiyalı İsrail Kasumov olacaq.

Rəşad Yusifli (79 kq) debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz bolqar idmançını da məyus edərək 1/4 finala yüksəlib. Belaruslu həmkarından da güclü olan Yusifli yarımfinala vəsiqə qazanıb. Fransa idmançısına məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Osman Haydari (Albaniya) - Alans Amirovs (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

97 kiloqram çəki dərəcəsində mübarizə aparan Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mərhələyə yüksəlib. Ancaq 1/4 finalda türkiyəli rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Zubairov aprelin 20-də təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Moldova təmsilçisi Radu Lefter olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest