Azərbaycan Premyer Liqasında cari mövsüm gözləniləndən daha maraqlı, rəqabətli keçir. Hazırda çempionluq uğrunda mübarizə aparan dörd komanda var.

Bilindiyi kimi, bunlar "Sabah", "Qarabağ", "Neftçi" və "Turan Tovuz"du. "Zirə"nin amalı isə "futbol ili"ni ilk "dördlük"də tamamlamaqdı. Bu komandaların hədəfə inamla addımladığı göz önündədi. İnsafən, yalnız "bozqurd"un oyun tərzi ilə bağlı müəyyən problemlərinin olduğunu deməliyik. Qalan komandalarda isə vəziyyət, necə deyərlər, güllük-gülüstanlıqdı. Premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalara gəlincə, "Şamaxı" və "Kəpəz" artıq ortabablar sırasında qərarlaşa bilib. Sükanı belə saxlasalar, mövsüm ərzində böyük təhlükə ilə üzləşməyəcəklər. Düzdü, baş məşqçi Kaxaber Sxadadzeni Yeton Beqiri ilə əvəz edən "Qəbələ"nin, debütant "Şəfa"nın, Fərid Namazovun rəhbərliyi altında uğur qazanmağa çalışan "İmişli"nin bugünkü durumu ürəkaçan deyil. Ancaq onların da toparlanacağına, daha qaneedici nəticələr qazanacağına ümid var.

Bu gün ən ciddi problemlə "Araz-Naxçıvan"la "Sumqayıt" üzləşib. Əlbəttə, hər komandanın enişdə olduğu dövr ola bilər. Odu ki, bu səbəbdən hər şeyin bitdiyini, hadisələrin axarının faciə ilə nəticələnəcəyini demək doğru olmaz. Sadəcə, ehtiyat tədbirləri görmək vacib idi ki, "qırmızı-ağlar" artıq bu yöndə ilk addımı atdı. Daha dəqiqi, klub baş məşqçi Cavid Hüseynovun və məşqçi Zaur İsmayılovun qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdi. Axı 6 oyunda 2 heç-heçə, 4 məğlubiyyət qeydə alınırsa, başqa yol yoxdu. O başqa məsələ ki, yola avrokuboklara vəsiqə qazanmaq hədəfi ilə çıxan naxçıvanlıların premyer-liqada zəngin təcrübəyə malik olmayan Cavid bəyə etimad göstərməsi heç bir məntiqə sığmırdı. Hüseynov əvvəl "Turan Tovuz"da Kurban Berdıyevin köməkçisi, ardından "Səbail"də baş məşqçi olsa da, uğur qazana bilməmişdi. Hətta Bayıl təmsilçisi məhz uğursuz nəticələr üzündən mütəxəssislə yolları ayırmış, mövsümün sonunda isə elitanı tərk etmişdi. "Araz-Naxçıvan" yenidən əcnəbi məşqçilərdən birinə güvəndi. Bəli, növbəti çalışdırıcının yerli və təcrübəli simalardan biri olması daha düzgün siyasət kimi dəyərləndirilə bilərdi. Ancaq etiraf edək ki, "qırmızı-ağlar"ın yeganə problemi məşqçi deyil, həm də ev oyunlarını Naxçıvanda keçirməməsidi. Öz aramızdı, azarkeş sevgisi, tələbi yoxdusa, hansısa uğurlu nəticələrin xəyalını qurmaq belə sadəlövhlük deyilmi? Hələ onu demirik ki, rəhbərlik dəyişiklikliyi, "Sabah"ın "Liv Bona Dea Arena"nı almasının ardından komandanın ordan çıxarılması kimi məqamlar yay təlim-məşq toplanışının qısa və səmərəsiz keçməsi ilə nəticələndi.

Yaxşı, bəs, "Sumqayıt"ın qarınağrısı nədi? Komanda niyə hələ də mövsümdə ilk qələbəsini qazana bilməyib? Əvvəlcədən xatırladaq ki, "kimyaçılar" çempionatın "yağ-bal içində" yaşayan azsaylı komandalarından biridi. 9502 tamaşaçı tutumuna malik, ən müasir standartlara cavab verən Mehdi Hüseynzadə adına şəhər stadionu, minlərlə azarkeşin sevgisi, dəstəyi, bir çox klubun maliyyə gücünü üstələyən büdcə, təcrübəli rəhbərlik, futbolçular və daha nələr, nələr. Ancaq klub yay fasiləsində heyətdə ciddi dəyişikliklər etməməyin və yanlış baş məşqçi seçiminin qurbanıdı. Əslində ötən mövsümün sonlarına yaxın uğursuz nəticələri sıralayan bir çox futbolçu da sabiq baş məşqçi Saşa İliçlə birgə yola salınmalı, həmçinin Filipe Kandidodan daha təcrübəli, bacarıqlı mütəxəssis tapılmalı idi. Sadəcə, belə mühüm addımlar atılmadı, kəsəsi, yay fasiləsi lazımi səviyyədə dəyərləndirilmədi. Bu azmış kimi, sonradan "Mehdi Hüseynzadə"nin qazonu ilə bağlı ortaya çıxan problem üzündən komanda ev oyunlarını 1500 yerlik "SOCAR Polymer Arena"da keçirməli oldu.

Yaxın günlərdə "Sumqayıt"ın da baş məşqçisi ilə yollarını ayırıb-ayırmayacağını bilmirik. Ancaq "kimyaçılar"ın qarşıdan gələn ev oyunlarını "Mehdi Hüseynzadə"də keçirəcəyini nəzərə alsaq, fasilədən maksimum faydalanmaq lazımdı. Əks halda, həmin tribunalara toplaşan azarkeşlərdən "istefa" şüarından başqa səs eşidilməyəcək.

(Futbol+)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest