"Oyununun rahat keçəcəyi gözlənilirdi. Bir tərəfdə lider, digər tərəfdə autsayder. “Neftçi”nin qələbə qazanacağı proqnozlaşdırılırdı. Ötən turda "Zirə"nin beynində kubok, "Sumqayıt"la oyun olsa da, "Neftçi" böyük hesablı qələbə qazanmışdı. Bu da "Sabah"la oyuna əlavə motivasiya, özünəinam artırmalı idi”. Bu sözləri matc.az saytına “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

Premyer Liqanın XXIV turunun qalmaqallı “Sabah” – “Neftçi” oyunu (2:2) haqda danışan sabiq FİFA hakimi bildirib ki, görüş ilk dəqiqələrdən tam əksini göstərdi: “Neftçi” yarım saata 0:2 geri düşdü. Matça tək hakim idarəçiliyi, səhvləri kontekstindən yanaşmaq doğru deyil. Emosiyalarla belə məsələlərə münasibət bildirilməməlidir. Digər tərəfdən, hər zaman bildirmişəm, klub/komanda anlayışı fərqlidir. Komandanın, ümumilikdə klubun qorunması üçün rəhbərlik var. Ancaq ara-sıra reklam xarakterli çıxışlarla, qələbələrdən sonra "mən də varam" mesajlarını verməklə "Neftçi" qoruna bilməz. Klub prezidenti Kamran Quliyevin hər belə açıqlamasından sonra komanda yaxşı çıxış etdiyi, qələbələr qazandığı halda, başlayır xallar itirməyə. Fasilədə və sonrakı, indiki oyunlarda da belə oldu. Problemlər yarananda, komandaya təzyiqlər olanda rəhbərliyin önə çıxması, klubu, komandanı müdafiə etməsi mütləqdir. "Neftçi" kimi klubda vitse-prezidentin kim olduğu çoxdan unudulub artıq, idman direktoru vəzifəsi də "ofsayda" düşüb. Hamısı qaçıb gizlənib”.

Süleymanovun fikrincə, indi çempionatda nəticə qazanmaq, rahat futbol oynamaq, futbol yaradıcılığı ilə məşğul olmaq üçün hər bir şərait var: “Neftçi” həvəskar komanda deyil ki, tək baş məşqçidən, meydana çıxan 11 futbolçudan ibarət olsun. "Neftçi"nin yükü həmişə ağır olub. Əvvəlki illər də deyil. İddialı, çempionluğa oynayan klublar, "Xəzər Lənkəran", "Bakı", "İnter", hətta "Qəbələ" artıq o deyil. Hər klubun arxasında bir oliqarx dayanırdı. İndi nə nə ajotaj, təzyiqlər var, nə də 10 minlərlə tribunaları dolduran azarkeşlər. "Qarabağ"ı çıxmaq şərtilə, klubların nümayəndələri, baş məşqçilərin özləri də etiraf edirlər, liderlərə baxanda zəifdirlər. Rahat, qalmaqalsız boş tribunalar önündə oyunlar keçirilir. Belə çempionatda nəticə qazanmaq, rahat futbol oynamaq, futbol yaradıcılığı ilə məşğul olmaq üçün hər bir şərait var”.

Süleymanov bildirib ki, çempionatdakı rəqibləri "Neftçi"yə qarşı son oyunu olduğu kimi yanaşır. Bu, tarixən belə olub və "Neftçi"nin böyüklüyünün göstəricisidir:  "Neftçi" şikayət etmək yox, klub olaraq buna hazır olmalıdır. Fəxr etməlidir ki, böyük kimi hər zaman qəbul edilir. Və bu böyüklüyə də uyğun meydanda futbol sərgilənməlidir. Pərakəndə deyil, stabil çıxışlarla qələbələr qazanılmalıdır. Təəssüf ki, son illər "Neftçi"nin sərgilədiyi oyundan çəkinmirlər. Zəif rəqiblər  flaqmanın evində belə qələbəyə oynayırlar. Böyük futbol emosiyalarla əhatə olunsa da, təhlilləri, analizləri sevir”.

 “Sabah” – “Neftçi” matçının hakimliyinə də toxunan sabiq FİFA referisi vurğulayıb ki, baş hakim, hakimlər briqadası tək hansısa komandaya qarşı addım atmadı, ümumilikdə sakit cərəyan edən görüşü bərbad idarə etdi: “Azarkeşlər azaddır, istənilən fikirləri səsləndirə bilərlər, klub funksionerləri, baş məşqçilər fikirlərini əsaslandırmalıdırlar. Oyunda xırdalı-böyüklü çoxsaylı epizodlar müzakirə edilə bilər. Hər iki tərəfə qarşı yanlış qərarlar kifayət qədər idi. Kritik məqamlar isə olmayan penalti, sayılmayan qol, hakim idarəçiliyinə futbolçuların, hər iki komandanın haqlı etirazları. Qalmaqalı bu həddə komandalar gətirmədi, hakimlər zəmin yaratdı. Bu matçda hansısa konkret bir epizodu müzakirə etmək yanlış olar. Coxşaxəli, bir-birinə zid, oyunun gedişinə, nəticəyə təsir edən davamlı hakim səhvləri oldu. Emosional açıqlamalar düzgün səmtə yönəlməyib. Artıq iki klub arasında söz atışmalarına, qarşılıqlı ittihamlara gətirib çıxarıb. AFFA da hakim idarəçiliyini araşdıracağı ilə bağlı açıqlama verib. Bu oyundakı baş verən qalmaqalların bir günahkarı var: hakim idarəçiliyi. Təcrübə onu göstərir ki, "Neftçi" daha tez toparlanıb qarşıdakı oyunlarını düşünməlidir. Bu oyunda qatar gedib artıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest