"Mançester Yunayted"ın keçmiş hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 4-cü turunda "qırmızı şeytanlar"la "Mançester Siti" arasında keçirilən qarşılaşmanı idarə edən hakim briqadasını sərt şəkildə tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" idman nəşri özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, Maykl Oliverin baş hakim olduğu və "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatan Mançester derbisində videoassistentin (VAR) qərarları Runini hiddətləndirib.

23-cü dəqiqədən etibarən azlıqda oynayan "Mançester Siti"nin vurduğu yeganə qol zamanı qayda pozuntusunun olduğunu bildirən əfsanəvi futbolçu fikirlərini bu cür ifadə edib:

"Mən sadəcə VAR-ın qərarlarından şoka düşmüşəm... Bu, dəhşətdir! O, oyundakı bütün emosiyaları və enerjini yox edir… Müəyyən səviyyədə futbol oynamış hər kəs anlayır ki, Erlinq Halandın qol vurduğu anda Entso Fernandes ofsaydda idi. Belə bir səhvə yol vermək… Bu, sadəcə mənim anlayışımın xaricindədir!".  

Xatırladaq ki, matçın 60-cı dəqiqəsində Halandın vurduğu qol ilk olaraq yan xətt hakimi tərəfindən ofsayd səbəbindən ləğv edilsə də, VAR-ın uzunmüddətli araşdırmasından sonra baş hakim mərkəzi göstərib. Runi və bir çox mütəxəssislər qol anında Entso Fernandesin ofsaydda olduğunu və rəqib müdafiəçi Lisandro Martinesə mane olaraq epizoda birbaşa təsir etdiyini müdafiə edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest