Azərbaycan millisinin və “Keşlə”nin futbolçusu Azər Salahlı karyerasını ölkə xaricində davam etdirə bilər. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi ilə Rusiya və Polşa klubları yaxından maraqlanır. 
 
27 yaşlı sol cinah müdafiəçisinin dəqiq hansı klublardan təklif aldığı açıqlanmır. Amma mövsüm başa çatdıqdan sonra Azərin “Keşlə”ni tərk etməsi və legioner həyatı yaşaması istisna olunmur. 

Salahlı 2018-ci ilin yayında “Sumqayıt”dan “Keşlə”yə transfer edilib. Amma o, elə bu klubun öz yetirməsidir.  2012-2015-ci illər aralığında da “Keşlə”nin uğurları üçün çalışan futbolçu, 2015-ci ildə “Qarabağ”ın sıralarına cəlb olunub. Ağdam klubu isə onu “Sumqayıt”a icarəyə verib. 2017/18 mövsümünün əvvəlində “Sumqayıt”ın birdəfəlik transfer etdiyi müdafiəçi, məhz bu komandadakı uğurlu çıxışının ardından yenidən yetirməsi olduğu kluba qayıdıb. “Keşlə”nin cari mövsümdəki nəticələri ürəkaçan olmasa da, Azər komandasında fərqlənən futbolçulardan biridir. 

Təsadüfi deyil ki, müdafiəçi olmasına baxmayaraq, Salahlı paytaxt klubunun bu mövsüm ən çox qol vuran oyunçusudur. Məhz cari mövsümdəki uğurlu çıxışı sayəsində o, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də diqqətini çəkə bilib. Yığmamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk oyunlara Salahlı da dəvət almışdı. O, həm Portuqaliya, həm də Serbiya ilə oyunlarda millimizin start heyətində yer almışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest