Beynəlxalq yoldaşlıq görüşləri "pəncərə"sinin açılışını iki qardaş ölkə Azərbaycanla Türkiyənin milli komandaları etdi. Matc.az saytı xəbər verir ki, AVRO-2020-yə hazırlıq öncəsi Türkiyə ilk oyununu yığmamıza qarşı keçirdi.
 
Yoldaşlıq oyunu
27 may

Türkiyə - Azərbaycan - 2:1
Qollar: Halil Dərvişoğlu, 34, Kaan Ayhan, 45 - Emin Mahmudov, 28
Türkiyə: 12. Altay Bayındır (23. Gökhan Akkan, 73), 2. Mərt Müldür, 3. Merih Demiral, 4. çağlar Söyüncü, 7. Cengiz ündər (8. Kərəm Aktürkoğlu, 46), 9. Halil Dərvişoğlu (16. Enes ünal, 67), 11. Halil Akbunar (6. Ozan Tufan, 84), 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz (17. Efecan Karaca, 46), 19. Orkun Kökçü (10. Abdülkadir ömür, 67), 22. Kaan Ayhan (k)
Ehtiyat oyunçular: 1. Mərt Günok, 5. Okay Yokuşlu, 13. Umut Meraş, 14. Mahmut Təkdəmir
Baş məşqçi: Şenol Günəş
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov (19. Təmkin Xəlilzadə, 79), 8. Emin Mahmudov (6. Vüqar Mustafayev, 79), 11. Ramil Şeydayev (9. Əli Qurbani, 63), 13. Abbas Hüseynov (21. Toral Bayramov, 72), 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev (3. Azər Salahlı, 63), 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli (10. Murad Xaçayev, 63)
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 4. Rahil Məmmədov, 14. Höccət Haqverdi, 16. Sərtan Taşkın, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
Baş hakim: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay (Kosovo)
Alanya. "Oba" stadionu
 
İki ölkə arasında əlaqələrin daha da möhkəmləndiyi bir vaxtda bu qarşılaşmanın önəmi böyük idi. Hər halda, həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti boş yerə buna "qardaşlıq görüşü" demirdi. Matçdan əvvəl Alanya şəhərinin Azərbaycan bayraqları ilə bəzədilməsi, qardaşlığa dair bannerlərin asılması, hər iki futbol federasiyasının prezidentinin, eyni zamanda Türkiyədə nazirlərin belə, stadiona yollanması bu önəmi birə-beş artırırdı.
 
Türkiyə yığması oyuna heç də ideal heyətlə çıxmamışdı. Bunun da müxtəlif səbəbləri var idi. "Ay-ulduzlular"da aparıcı futbolçuların çoxu düşərgəyə yeni qoşulduğundan, baş məşqçi Şenol Günəş onları riskə atmadı. 30 nəfərə dəvət göndərən təcrübəli mütəxəssis görünür gənclərin nəyə qadir olduğunu müəyyənləşdirmək və hansı 4 oyunçunu heyətdən çıxarmaq baxımından əsasən ikinci heyətə şans vermişdi. Azərbaycan millisində isə Canni de Byazi əlinin altındakı heyətdən ideal "11-lik" formalaşdırmışdı. Taktiki sxem 5-3-2 kimi görünsə də, bu, matçın gedişinə görə tez-tez 4-4-2-yə çevrilməli idi. Belə də olurdu. Sol cinah müdafiəçisi kimi görünən Anton Krivotsyukun hücuma çıxma potensialı aşağı olduğundan, baş məşqçi onun önündə Elvin Cəfərquliyevi oynadırdı. Əks cinahda isə Abbas Hüseynov həm müdafiə, həm də hücum baxımından problem yaşamadığından, ona yalnız orta sahə oyunçuları kömək edirdilər. Millimiz topa sahib olduğu zaman Cəfərquliyev yarımmüdafiəçi funksiyasını yerinə yetirir, sürəti hesabına rəqib müdafiəsinə çətinliklər yaşadırdı. Ancaq Türkiyə millisi hücum hazırlığında olduğu vaxt avtomatik olaraq Krivotsyuk mərkəzə çəkilir, Cəfərquliyev də onun yerini tuturdu.
 
Yığmamızın ilk dəqiqələrdən rəqibdən çəkinmədən mübarizə aparmasını bəlkə də, meydan sahibləri gözləmirdi. Komandamız müdafiəyə oturmur, topa asan şəkildə sahib çıxır, hücumlar qururdu. Düzdü, hiss olunurdu ki, futbolçularımız türkiyəli oyunçuları zədələməkdən qaçmaq üçün ehtiyatlı oynayırdı. Ancaq meydanın rəqibə aid hissəsində edilən pressinq Şenol Günəşin yetirmələrinin müdafiədən irəli çıxmasına imkan vermirdi. Cəsarətli mübarizə aparan komandamız hücuma çox adamla çıxmaqdan belə, çəkinmirdi. Topa və oyuna nəzarətdə ev sahiblərindən heç də geri qalmırdıq. Hətta pressinq sayəsində türkiyəlilərin hücum həmlələri qapımız qarşısına yaxınlaşmamış puç olurdu.
 
Premyer Liqamızın bombardiri Namiq Ələsgərovun cəldliyi və sürəti qarşısında Merih Demiral, çağlar Söyüncü kimi müdafiəçilər bəzi epizodlarda aciz qalırdılar. Millimizin fəal oyunu 28-ci dəqiqədə öz bəhrəsini verdi. Düşünülmüş qurulan baxımlı kombinasiyanı Emin Mahmudov eyni gözəlliklə qola çevirdi. Hətta az sonra pressinq sayəsində ikinci qola da yaxın olduq. Millimiz bu üstünlüyünü çox qoruya bilmədi. Doğrudu, ev sahibləri həmlələr edirdi, ancaq müdafiə xəttimizi yarmaq onlar üçün çətin görünürdü. Belə anlarda standart vəziyyətlərin əhəmiyyəti daha böyük olur. Təəssüf ki, yığmamızın yaralı yeri də məhz "ikinci mərtəbə"də oyundu. Elə fasiləyə qədər buraxılan qollar da standart vəziyyətlər zamanı cərimə meydanında düzgün mövqe seçməməyin nəticəsi idi. Abbas Hüseynov və Anton Krivotsyukun rəqib oyunçunu boş buraxması, Emil Balayevin isə uğursuz çıxışı topun qapıdan keçməsinə səbəb oldu.
 
Hissənin sonlarında Türkiyə yığmasının ikinci qolu da sürpriz olmadı. çünki həmin ana qədər bir neçə epizodda "dönən top"lar bir qayda olaraq rəqib oyunçularının önünə düşürdü. Bu dəfə də künc zərbəsi zamanı futbolçularımız kor-koranə müdafiə olundu, Emil Balayevin qaytardığı topu Kaan Ayhan qapıdan keçirdi. üzücü hal odu ki, komandamız oyun epizodunda yox, məhz standart vəziyyətlərdə rəqibə uduzurdu.
 
İkinci hissəyə də komandamız sürətli başladı, hətta ardıcıl qol vəziyyətləri də yaxaladı. Xüsusən də, iki hücumçu ilə rəqibin bir müdafiəçisinə qarşı çıxdığımıza anda Namiq Ələsgərov paxıllıq etməyib Ramil Şeydayevə ötürmə versəydi, ona topu boş qapıdan keçirmək qalacaqdı. "Ay-ulduzlular" isə yenə yalnız cərimə zərbələrindən Balayevi narahat edə bilirdilər. ümumilikdə ilk yarı ilə müqayisədə ikinci hissədə temp daha yüksək idi. Komandamızın cəsarətli oyunu da bunda böyük rol oynayırdı. İlk yarıda tərəflər ehtiyatlı oyuna, topa sahib olmağa üstünlük verirdilərsə, fasilədən sonra artıq hücum həmlələri daha çox olurdu. Ancaq ardıcıl əvəzləmələr tempin də aşağı düşməsinə səbəb oldu. Toral Bayramovla Təmkin Xəlilzadənin meydana daxil olması millimizin oyun planına da təsir etdi. Komandamız artıq tipik 4-lü müdafiəyə keçmişdi, xüsusən də, Toralla Təmkinin sayəsində sağ cinahdan sürətli hücumlarla yadda qalırdı. Hətta son saniyələrdə bərabərlik qoluna yaxın da olduq. Ancaq Xəlilzadə yaxın məsafədən əlverişli şansı qaçırdı, topu qapıdan keçirə bilmədi.
 
Beləliklə, hər iki komandanın tam gücünü ortaya qoymadığı matçda yığmamız standart vəziyyət və "qayıdan top"lardakı zəif çıxışının qurbanı oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest