Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilir. Matc.az xəbər verir ki, geridə qalan iki yarış günündən sonra Azərbaycan millisinin hesabında cəmi bir bürünc medal var.
 
İlk medalı 60 kq çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov qazanıb. O, matc.az saytına açıqlamasında bildirib ki, mundiala məhz medalçılar sırasında yer almaq üçün yollanıb: 
 
"Budapeştə medal qazanmaq üçün gəlmişdim. Eyni zamanda Olimpiada xalımı qoruyub-saxlamaq istəyirdim. çünki məndən aşağı pillələrdə olan cüdoçular da bu turnirdə iştirak edirdilər. Onlar medal qazanıb məni keçə bilərdilər deyə, məqsədim dünya çempionatında uğur qazanmaq idi". 
 
Kəramət 1/8 finalda məğlub etdiyi adlı-sanlı cüdoçusu Ryuji Nagayama üzərindəki qələbədən də danışıb:
 
"Əlbəttə, yapon idmançını məğlub edəndə çox sevindim. Hər bir rəqib üzərində qələbəyə sevinirəm. Amma yapon cüdoçular elədi ki, onların zəifi olmur. Bu ölkənin idmançılarına qalib gələndə sevinc hissi daha çox olur".
 
Hüseynov 1/4 finalda qarşılaşdığı Fransa cüdoçusu Valid Xyar ilə görüşdəki uğursuz çıxışını isə belə şərh edib: "Həmin görüşdə bir az yorğun idim. Ardıcıl iki güclü rəqiblə görüşdə özümü daha çox cəmləyə bilmədim".
 
Qeyd edək ki, 1/4 finalda uduzan Kəramət mübarizəni təsəlliverici mərhələdə davam etdirib. O, Monqolustan və Qazaxıstan cüdoçularına qalib gələrək bürünc medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest