Türkiyənin "Fənərbaxça" klubunun sabiq prezidenti Əziz Yıldırımın mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, keçmiş funksioner, bir daha "Fənərbaxça"da prezidentliyə namizəd olmayacağını deyib:
 
"Prezidentliyə namizəd olmayacam, bunu bilin. Bunlar "Fənərbaxça"nı yaxşı idarə etmirlər. Bir küçəni idarə etsən, bundan pis olmaz. "Fənərbaxça"nın gələcəyini təhlükədə gördüyüm üçün danışıram. İşlər pisdirsə, mən "Fənərbaxça"nı müdafiə edərəm".
 
Əziz Yıldırım klubun hazırkı prezidenti Ali Koçun transfer siyasətini də tənqid edib:
 
"Ali Koç, sən Rahmi Koçun oğlusan. Sənə gedib Almaniyanın 2-ci liqasından futbolçu almaq yaraşmaz. Bunu edirsənsə, burax başqası prezident olsun. Sən get Serxio Ramosu, Kərim Benzemanı, Marselonu, Edin Dzekonu al. Bizim vaxtımızda alekslər, orteqalar, anelkalar var idi.
 
Pulum yoxdur deyirsənsə, rəhbərlik etməyi burax. Səndə pul çoxdur. Pulun olmasaydı, səni heç kim seçməzdi. Pulu olan gəlir, olmayan gedir. Sən nə desən, mən ikisini deyəcəm. Hər yerə gedib danışaram".
 
Əziz Yıldırım 1998-2018-ci illər aralığında "Fənərbaxça"ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest