Dç-2022-nin seçmə mərhələsində 4-cü tura start verilib. Matc.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi səfər oyununa çıxıb. Yığmamız Lüksemburqda yerli komandanın qonağı idi. Bunu reytinq baxımından qrupun ən zəiflərinin dueli kimi də qələmə vermək olar. Xüsusən də, Canni de Byazinin kollektivi ilk iki görüşdəki minimal hesablı məğlubiyyətdən sonra seçmə mərhələdə ilk xalını qazanmaq arzusunda idi.

Dç-2022-nin seçmə mərhələsi
A qrupu, 4-cü tur
1 sentyabr

Lüksemburq – Azərbaycan - 2:1
Qollar: Mixael Pinto, 8, Gerson Rodriges, 28 (pen.) - Emin Mahmudov, 67
Lüksemburq stadionu. Hakimlər: İrfan Pelito, Senad İbrisimqbeqoviç, Davor Belyo, Admir Şehoviç (Bosniya və Herseqovina)
Lüksemburq: 1. Entoni Moris, 3. Enes Mahmutoviç, 13. Dirk Karlson, 18. Loren Yans (k), 15. Olivye Til (4. Florian Bonert, 74), 17. Mixael Pinto (7. Erik Veyqa, 76), 8. Kristofer Martins, 16. Leandro Barreyro, 21. Sebastyen Til (14. Mauritse Devil, 90+2), 10. Gerson Rodriges, 9. Daniel Sinani (19. Aldin Skenderoviç, 90+3)
Ehtiyat oyunçular: 12. Ralf Şön, 23. Tim Kips, 2. Kevin Malqet, 5. Duayn Holter, 6. Rikardo Delqado, 11. İvandro Borqes Sançes, 20. Edvin Muratoviç, 22. Timoti Rupil
Baş məşqçi: Lük Holts
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı (22. Rəhim Sadıxov, 68), 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 13. Abbas Hüseynov (18. Anton Krivotsyuk, 46), 17. Toral Bayramov, 2. Qara Qarayev (16. Anatoli Nuriyev, 74), 8. Emin Mahmudov, 21. İsmayıl İbrahimli (7. Namiq Ələsgərov, 46), 20. Filip Ozobiç, 9. Əli Qurbani (10. Mahir Emreli, 46)
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 15. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə
Baş məşqçi: Canni de Byazi

Legionerlər ehtiyatda
Etiraf etmək lazımdı ki, de Byazi bir qədər gözlənilməz heyəti meydana buraxdı. 5-li müdafiənin mərkəzində qərarlaşan kapitan Maksim Medvedevə Höccət Haqverdi sağdan, Azər Salahlı isə soldan tərəfdaşlıq edirdi. "Qarabağ"ın cinah müdafiəçiləri Abbas Hüseynovla Toral Bayramov burada da eyni funksiyanı icra etməli idilər. Qara Qarayev, Emin Mahmudov və İsmayıl İbrahimli orta sahədən cavabdeh idisə, debütant Filip Ozobiç pleymeyker və ikinci hücumçu kimi qol axtarışında olacaqdı. 5-4-1 sistemində hücumun sivri ucunda Əli Qurbani qərarlaşmışdı. Diqqətçəkən məqam legioner həyatı yaşayan 5 oyunçudan 4-nün ehtiyatda oturması, birinin – Rüstəm Əhmədzadənin iştirak ərizəsinə salınmaması idi.

Boş cinahdan buraxılan qollar
Lüksemburqlular ev sahibi olduqlarını ilk dəqiqələrdən hiss etdirməyə çalışdılar. Rəqib top saxlayır və kəsərli həmlələrlə yadda qalırdı. Millimiz isə geri çəkilib, əks-hücuma bel bağlayırdı. Hətta bəzi anlarda 5 yox, 6 müdafiəçi kimi çıxış edirdik. Təəssüf ki, futbolçularımız meydan sahibinin erkən qol vurmaq istəyinin qarşısını ala bilmədi. Abbasla Höccətin sağ cinahda bir-birini sığortalamaması Mixael Pintonun yaxın məsafədən zərbə mövqeyinə çıxmasına və hesabı açmasına gətirib çıxardı.

Yalnız buraxılan top futbolçularımızı bir qədər ayıltdı. Artıq topla oynamaq, irəlidə boşluqlar axtarmaq mümkün olurdu. Di gəl ki, həmin boşluğu tapmaq heç cür alınmırdı. Komandamız sağ cinahdan fərqli olaraq, solda daha fəal görünürdü. çünki Höccət hücumlara dəstək vermir, Abbası həmin anlarda tək qoyurdu. Bu problemi isə İsmayıl yoluna qoymağa çalışırdı. Lakin əks cinahda Azər müntəzəm irəli atılırdı ki, bu da Toralın vinger funksiyasını rahat yerinə yetirməsinə kömək olurdu. Elə müdafiə olunmaq baxımından da soldakılar daha etibarlı nəzərə çarpırdılar. çünki Toral-Azər cütlüyünə Qara da qoşulunca rəqib oradan irəliləyə bilmirdi. Əks tərəfdə isə Hüseynovla Haqverdi arasında anlaşma çox aşağı səviyyədə idi. üstəlik, Eminin onlara köməyi də dəymirdi. Elə ikinci qol da məhz bu anlaşılmazlıq nəticəsində gəldi. Abbasın uğursuz müdaxiləsi penaltiyə yol açdı və Gerson Rodriges şansı qaçırmadı.

Əvəzləmələrin müsbət nəticəsi
ümumiyyətlə, yığmamız topa sahib olduğu zaman cəmi 3 nəfər – Maksim, Höccət və Qara geridə qalır, rəqibin əks-hücumlarını gözləyirdilər. Belə vəziyyətlərdə bir qayda olaraq 7 futbolçumuz meydanın rəqibə aid hissəsində özünə yer etməyə çalışırdı. Lakin oyunçuların düzgün mövqe seçə bilməmələri və aşağı səviyyədə anlaşmaları təhlükəli hücumların qarşısını kəsirdi. Rəqib isə topu ələ keçirən kimi sürətli və ağıllı əks-hücumlarla üçüncü qol axtarışında idi.

De Byazi ikinci hissəyə 3 dəyişikliklə başladı. Sağ cinahda heç cür özünü toparlaya bilməyən Abbas Hüseynov, ona yaxın oynayan İsmayıl İbrahimli və meydanda varlığı ilə yoxluğu bilinməyən Əli Qurbaninin əvəzlənməsi başadüşülən idi. Onların yerinə müvafiq olaraq Anton Krivotsyuk, Namiq Ələsgərov və Mahir Emreli döyüşə atıldı. Bu, taktiki düzülüşə də təsir göstərdi. Komandamız artıq 4-lü müdafiə sisteminə keçdi. Maksim sağa, Azər sola – öz yelərinə çəkildi, Anton mərkəzə keçdi. Mahir hücumun mərkəzində idisə, ona cinahlardan Toralla Namiq kömək etməli idi. Ancaq top rəqibdə olduğu zaman Bayramov geri çəkilərək, 5-li müdafiə yaradırdı. Gənc Toral bir növ həm müdafiəçi, həm də vinger kimi çıxış edirdi. Bu dəyişikliklər təsir göstərməyə bilməzdi. Mahirlə Namiqin ön xətdəki hərəkətliliyi və durmadan pressinq tətbiq etməsi sayəsində lüksemburqlular müdafiədən asanlıqla çıxa bilmirdilər. Ancaq bu da qol yollarında kəsərli olmağa yetmirdi. çünki ön xətt oyunçuları arxadan lazımi dəstəyi ala bilmirdilər. 67-ci dəqiqədə Emin Mahmudovun standart vəziyyətdən hiyləgər zərbəsi qolla nəticələndi. Eminin cərimə zərbəsindən fərqi minimuma endirməsi yığmamızı da ümidləndirdi.

Hücum futbolu da məğlubiyyətdən qaçmağa kömək olmadı
Dərhal Rəhim Sadıxov da mübarizəyə qoşuldu. Əvəzlənən Azərin yerinə Toral keçdisə, Rəhim yarımmüdafiənin solunda oynamalı oldu. 74-cü dəqiqədə Anatoli Nuriyevin də meydana daxil olması ilə hücumameyilli oyunçuların sayı daha da artdı. Höccət, Anton və Qaranın yerini tutan Emin istisna olmaqla millimizin digər üzvləri qalan dəqiqələri hücumda keçirdi. çox adamla pressinq etməyin nəticəsi idi ki, ev sahibləri müdafiədən çıxmaqda çətinlik çəkirdilər. Lüksemburqlular artıq yalnız qələbə hesabını qorumaq barədə düşünürdülər. Rəhim Sadıxov matçın qəhrəmanına çevrilə, komandamıza ilk xalı qazandıra bilərdi. Ancaq "Sumqayıt"ın pleymeykeri əlinə düşən imkanlardan yararlana bilmədi. Son həmlələr də bir nəticə verməyincə yığmamız ötən il olduğu kimi, yenə Lüksemburqa 1:2 hesabı ilə uduzdu.

Sentyabrında 4-də qrupda xal üzü görməyən digər komanda İrlandiyanın qonağı olacaq yığmamız 7-də Bakıda Portuqaliyanı qəbul edəcək.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest