28 Oktyabr 2021, 15:00
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev karyerasını bitirmək istəyir. Matc.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.
Mütəxəssis 100 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançının hazırda Rusiyanın paytaxtı Moskvada olduğunu bildirib: "Kotsoyevin atasının səhhətində problem yaranıb. Hazırda onunla məşğuldur. Bu səbəbdən, Bakıdakı Böyük Dəbilqədə iştirak etməyəcək. Həm də Zelimin gələcəkdə komandamızda olub-olmayacağı bəlli deyil. Şəxsi məşqçisi ilə danışmışıq. Onun sözlərinə görə, cüdoçunun karyerasını başa vurma ehtimalı var. Lakin bu, hələlik dəqiq deyil. Atasının müalicə olunduğunu nəzərə alaraq, ona vaxt vermişik".
Qeyd edək ki, Zelim Kotsoyev 2018, 2020 və 2021-ci il Avropa çempionatlarında bürünc medal qazanıb. O, 2017-ci ildə gənclər arasında Avropa və dünya çempionu olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış etsə də, medalçılar sırasına düşə bilməyib.
Azərbaycan milli komandasının cüdoçuları Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) isə hərbi xidmətə çağırılıb. Bu barədə məlumat verən Mirəliyev hər iki idmançının bu səbəbdən Bakıdakı Böyük Dəbilqədə iştirak etməyəcəyini bildirib:
"Kəramət əsgərlik səbəbindən məşqlərə çox qatıla bilmir. Ara-sıra hazırlıqlara gəlir. Hazırda bu məsələsi ilə məşğuldur. 1-2 günə xidmətə yollanacaq. Mərkəzi Ordu İdman Klubunda olacaq, daha sonra bizimlə məşqlərə qoşulacaq".
Mütəxəssis Murad Fətiyevin də eyni səbəbdən yarışda iştirak etməyəcəyini söyləyib: "O, artıq əsgərlikdədir. Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət edir. O da Hüseynov kimi sonradan məşqlərə qatılacaq". (Report)
Qeyd edək ki, Bakıdakı Böyük Dəbilqə 5-7 noyabrda keçiriləcək.