07 Noyabr 2021, 19:54
DÖYÜŞ NÖVLƏRİ
Beləliklə, Azərbaycan millisi "Böyük dəbilqə" turnirinin 1 qızıl, 2 gümüş və 4 bürünc medalına sahib olub və ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.
Noyabrın 5-də Heydər Əliyev adına İdman Sarayında startı verilmiş cüdo üzrə Bakı "Böyük dəbilqə" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev yarışda əzmlə mübarizə apararaq finala vəsiqəni təmin edib.
90 kq çəki dərəcəsində çıxış edən idmançımız bu yolda ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. Cüdoçumuz həlledici final qarşılaşmasında yaponiyalı Kosuke Maşiyama ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına məğlub olan Məmmədəli Mehdiyev gümüş medala layiq görülüb.
Bürünc medal uğrunda mübarizə aparan cüdoçularımız Adil Kərimli (100 kq) Onise Seneblidze (Gürcüstan), Uşanqi Kokauri (+100 kq) isə Sven Heynle (Almaniya) ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Kokauri bürünc medal əldə edib. Adil Kərimli isə bürünc medal uğrunda qarşılaşmada məğlubiyyətə uğrayıb və 5-ci olub.
Digər cüdoçularımz Ruslan Nəsirli, Kənan Abdullaxanlı (hər ikisi 100 kq), Hüseyn Məmmədov, Camal Feyziyev (hər ikisi +100 kq) ilk, Rüfət İsmayılov ilə Vüqar Talıbov (hər ikisi 90 kq) isə təsəlliverici mərhələdə mübarizəni dayandırıblar.
Xatırladaq ki, mötəbər turnirin ilk iki günündə cüdoçularımızdan Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) isə bürünc medala sahib olublar.
Beləliklə, Azərbaycan millisi "Böyük dəbilqə" turnirinin 1 qızıl, 2 gümüş və 4 bürünc medalına sahib olub və ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.
Bakıdakı "Böyük dəbilqə" turnirində 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) medallar uğrunda yarışıb. Azərbaycan turnirdə 33 cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunub