08 Noyabr 2021, 19:43
DÖYÜŞ NÖVLƏRİ
Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanmış Azərbaycan boksçusu Alfonso Dominqes federasiyanın rəsmi saytına açıqlama verib.
Matc.az xəbər verir ki, 86 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı sevincinin həddi-hüdudunun olmadığını bildirib.
Dominqes vurğulayıb ki, Serbiyada Zəfər Günü ərəfəsində Azərbaycan himnini səsləndirməsindən gözəl duyğu ola bilməz: "Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu. Amma buna baxmayaraq, inamlı çıxış sayəsində lazımı uğuru qazandım. Bu, Zəfər Günü ərəfəsində olduğu üçün çox sevincliyəm. Bir daha şəhidlərimizə allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm".
O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Alfonsonun sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır: "Biz rinqdən kənarda dostuq. Amma döyüşdə mən Azərbaycanı, o Kubanı təmsil edir. Bu səbəbdən də görüşdə mübarizə aparmalıyıq. Olimpiadada qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim. Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. öz üzərimdə işləyərək, qızıl medal qazandım. İnanıram ki, uğurun ardını gətirəcəyəm".