"Qarabağ"ın müdafiəçisi Kevin Medina Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrə "Bazel"inə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Görüşün əvvəlində qol vurduq, amma qeydə alınmadı. Bundan sonra mən hakimə yaxınlaşdım. Soruşdum ki, nəyə görə qolumuzu hesaba almadınız? O da epizodu görmədiklərini bildirdi".
 
28 yaşlı müdafiəçi fasilədən sonra da xorvatiyalı referi Fran Yoviçə müraciət etdiyini söyləyib: "Fasilədən qayıdanda soruşdum ki, görüntüləri izlədiniz? Hakim epizodun təkrarına baxdığını dedi. Yenidən soruşdum ki, indi nə olacaq? Əlindən bir şeyin gəlmədiyini bildirdi. Hakimə dedim ki, qolu hesaba alsaydız, matç tamam başqa məcrada keçərdi və özümüzə inam artardı".
 
Kolumbiyalı oyunçu pley-off mərhələsindəki şanslarından da danışıb: "Növbəti mərhələdəki rəqibi seçmək bizim əlimizdə deyil. Kim düşəcəksə, onunla da qarşılaşacağıq. Amma "Qarabağ" olaraq həmişə istəyirik ki, ən güclü rəqiblə oynayaq. Püşkün bəxtimizə kimin çıxaracağını görəcəyik".
 
Medina "Qarabağ"la görüşdə dubl edən "Bazel"in hücumçusu Artur Kabral barədə də danışıb: "Onun səviyyəsi ortadır. Kabralın fiziki cəhətdən də güclü olduğunu qeyd edərdim. Hətta beli ilə qol vurdu. Açıq-aşkar deyə bilərəm ki, bu mövsüm qarşılaşdığımız ən güclü forvard məhz Kabral idi". (Report)
 
Qeyd edək ki, xorvatiyalı baş hakim Fran Yoviç 2-ci dəqiqədə Abdullah Zubirin qolunu qeydə almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest