Portuqaliyalı yarımmüdafiəçi Renato Sanşeş karyerasını Braziliyanın "Korintians" klubunda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb.
Bildirilir ki, Sanşeş daha əvvəl PSJ ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək azad agent statusu alıb. Yayda Səudiyyə Ərəbistanı və MLS klubları futbolçu ilə əlaqə saxlasalar da, o, karyerasını Avropada davam etdirmək istəyib.
Yarımmüdafiəçi "Xetafe" ilə danışıqlar aparsa da, bu cəhd uğursuz alınıb. İndi isə o, karyerasını Cənubi Amerikada davam etdirməyə hazırdır və artıq bir neçə Braziliya komandası ilə təmasdadır. Danışıqlarda ən çox irəliləyiş əldə edən tərəf isə məhz "Korintians"dır.
Sanşeş əvvəllər "Benfika", "Bavariya", PSJ və digər komandalarda çıxış edib. Portuqaliya millisi ilə isə 2016-cı ildə Avropa çempionu olub.












