AVRO-2020-nin startına 500 gün qalıb. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul etdi.
O zaman UEFA-nın baş katibi vəzifəsində çalışan hazırkı FIFA prezidenti Canni İnfantino bu qərarı belə şərh etmişdi: "Bir ölkədə bir bayram əvəzinə, 2020-ci ilin yayında biz bütün Avropada bayram edəcəyik". 2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq.
Avro-2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək.
Avro-2020-nin seçmə mərhələsi 2019-cu ilin martından noyabrına qədər olan müddəti əhatə edəcək və növbəti mərhələyə 20 komanda yüksələcək. Digər 4 yeri play-off oyunları 2020-ci ilin martında keçirilməsi nəzərdə tutulan Millətlər Liqasından çıxacaq komandalar tutacaq.
UEFA üzvü olan 55 ölkənin hər birinin milli komandasının seçmə mərhələdə yarışmaq hüququ var və komandalar 10 qrupa bölünüb. 5 qrupda 5 komanda və 5 qrupda 6 komanda yer alıb və hər qrupdan ən yaxşı 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
Bu gün ən böyük Avropa turnirinin başlamasına 500 gün qaldı. Bu əlamətdar çempionatın 60-cı ildönümünü qeyd etmək üçün Bakı turnirin final mərhələsinin 4 oyununu keçirməkdən qürur duyur: A qrupunda 3 oyun (13, 17, 21 iyun) və bir 1/4 final oyunu (4 iyul). Oyunların hamısı Azərbaycanın ən böyük stadionunda, 68.700 nəfər azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bilet satışına 12 iyun tarixindən başlanması planlaşdırılır.