Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. "Yeni Azərbaycan" xəbər verir ki, ötən həftə Portuqaliyanın Almada şəhərində başa çatan Qran-Pri turnirinin nəticələri Azərbaycan idmançılarının mövqeyinə təsir edib.
 
Yarışda yeganə medalımızı qazanan Balabəy Ağayev (60 kq) 11 pillə irəliləyib. Gümüş mükafat qazanan cüdomumuz 23-cü yerdədir - 1490 xal.
Ən böyük irəliləyişə Adil Kərimli (100 kq) imza atıb. Almadada bürünc şansını son döyüşdə əldən verən təmsilçimiz 18 pillə irəliləyib - 618 xalla 50-ci yer.
İlk "onluq"da yalnız 4 idmançımız yer alıb. Kəramət Hüseynov (60 kq) bir pillə irəliləyərək, 4-cü pillədə qərarlaşıb. Orxan Səfərov (66 kq) isə bir addım geriləyib. O, 3280 xalla 6-cı sıradadır.
 
Digər iki təmsilçimizin mövqeyi dəyişməz qalıb. Məmmədəli Mehdiyev (90 kq) 3572 xalla 6-cı, Zelim Kotsoyev (100 kq) 3082 xalla 9-cu pillədədir.
 
Qeyd edək ki, qadın cüdoçularımızdan ən yaxşı nəticə İrina Kindzerskaya (+78 kq) məxsusdur. O, 2570 xalla 12-ci sırada qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest