Fevralın 8-dən 10-dək Bakı İdman Sarayında gənc (U-20) güləşçilərin Azərbaycan çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, bu gün ənənəyə uyğun olaraq, yarış məkanında hakimlər və məşqçilər üçün seminar keçirilib. 
 
Əvvəlcə hakimlərin iclası baş tutub. Bir neçə gün öncə dünyasını dəyişən beynəlxalq dərəcəli hakim Abdul Nuriyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra seminara start verilib. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev Dünya Güləş Birliyinin (UWW) görüşlərin idarəçiliyi ilə bağlı qəbul etdiyi yeni qaydaları referilərin diqqətinə çatdırıb. Bununla yanaşı, müxtəlif görüşlərdə mübahisəli vəziyyətlər video görüntülü formatda müzakirə edilib.
 
Daha sonra yunan-Roma güləşi üzrə məşqçilərin iclası start götürüb. Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakıyla baş tutan tədbirdə irad və tövsiyələr səsləndirilib. Sonda klassik güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
 
Qeyd edək ki, sabah 55, 60, 63, 67, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yarışa saat 10:00-da start veriləcək. 16:00-dan 16:30-dək çempionatın açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə 7 çəki üzrə medal görüşləri keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest