12 Fevral 2022, 21:29
DÖYÜŞ NÖVLƏRİ
Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman Bakıya gəlib. Matc.az xəbər verir ki, UWW Avropanın prezidenti vəzifəsində də çalışan Ditmanın 2 günlük işgüzar səfərində məqsəd Bakıda güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olmaqdır. Bu məqsədlə UWW rəsmisi bu gün iki idman arenasına və bir neçə otelə baxış keçirib.
Bu il noyabrın 5-6-da Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Ditman bu yarışın baş tutacağı Bakı İdman Sarayında şəraitlə tanış olub. Burada müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib.
Bakı həmçinin, gələn il Avropa çempionatını keçirməyə namizədliyini irəli sürüb. 2023-cü ilin aprelin 17-dən 23-dək böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün digər namizəd isə Xorvatiyanın paytaxtı Zaqrebdir. Daha öncə 2010-cu ildə analoji yarış ölkəmizdə keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına İdman Sarayında müəyyənləşəcək. Ditman nəhəng idman zalıyla tanış olub. Güləş yarışlarının keçiriləcəyi zalla yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasiminin keçiriləcəyi məkan, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib. UWW rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.
Ditman Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama da verib:
"Səhv etmirəmsə, ilk dəfə 2009-cu ildə Bakıda olmuşam. ölkənizə sonuncu dəfə 2015-ci ildə ilk Avropa Oyunları zamanı səfər etmişəm. Azərbaycanda güləş yüksək səviyyədədir. Burada yarışlar həmişə qüsursuz keçirilib. ümumiyyətlə, ölkəniz bu idman növündə böyük uğurlara imza atıb. Son illərdə beynəlxalq yarışlarda çoxlu medallar qazanmısınız. Vətənim Almaniyanın yunan-Roma güləşi üzrə yığması da dəfələrlə millinizlə birgə təlim-məşq toplanışı keçib. O ki qaldı yenidən Bakıda beynəlxalq turnirlərin keçirilməsinə, bununla bağlı heç bir problem yoxdur. Paytaxtınızda çox yaxşı otellər var. Heydər Əliyev adına İdman Sarayında olan şərait isə ən nüfuzlu yarışları keçirməyə imkan verir. Belə böyük arenada güləş üzrə istənilən çempionatı keçirmək olar".