18 Fevral 2022, 20:49
DÖYÜŞ NÖVLƏRİ
Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri davam edir. Matc.az xəbər verir ki, yarışın 2-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Əfqan Xaşalov (57 kq) 1/8 finalda Arun Aruna (Hindistan) "tuşe" ilə qalib gəldikdən sonra iranlı Rza Momenijuzadəni də vaxtından əvvəl üstələyib - 10:0. Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən görüşü məğlub başa vurub.
Əliabbas Rzazadə (57 kq) startda bolqar İvaylo Tısova heç bir şans verməyib - 10:0. Ancaq həmyerlimiz belaruslu Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək məğlub olub - 6:8.
Turan Bayramov (74 kq) təsnifat mərhələsində bolqar Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib - 12:0. Bayramov 1/4 finalda əlcəzairli Abdelkader İkkaldan güclü olub - 6:0. Macar Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı Turan aldığı üçün həmyerlimiz finala yüksəlib.
Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Hacıyev qazaxıstanlı Sultan Jaksiliki "tuşe" ilə yolundan kənarlaşdırdıqdan sonra gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib - 12:1. Cəbrayıl yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
Beləliklə, 74 kq-da finalda millimizin iki üzvü Turan Bayramov və Cəbrayıl Hacıyev qarşılaşacaq
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 19-da keçiriləcək.