"Liverpul" 17 illik tərəfdaşlıqdan sonra titul sponsorunun dəyişdiyini elan edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 2027-ci il iyulun 1-dən etibarən komandanın yeni titul sponsoru "Turkish Airlines" şirkəti olacaq. Aviaşirkətin loqosu "Liverpul"un kişi, qadın və gənclər komandalarının formalarında yer alacaq. Klubla 2010-cu ildən bəri əməkdaşlıq edən "Standard Chartered" isə mersisaydlılarla tərəfdaşlığını davam etdirəcək.
"Bu, bizim üçün mühüm hadisədir və 2027-ci ilin iyunundan etibarən "Turkish Airlines"ı əsas klub tərəfdaşımız kimi salamlamaqdan məmnunuq. "Liverpul" forması klubumuzun tarixində xüsusi yer tutur. "Turkish Airlines" geniş beynəlxalq şəbəkəyə malik, dünyada tanınan bir təşkilatdır və biz tərəfdaşlığımızın başlamasını, güclü münasibətlər qurmağı səbirsizliklə gözləyirik", - deyə klubun rəsmi saytı "Liverpul"un kommersiya direktoru Ben Ləttinin sözlərini sitat gətirib.













