İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 5 təmsilçisi mübarizə aparıb. 

90 kq çəki dərəcəsində Rüfət İsmayılov 1/16 finalda Uşanqi Marqiani (Gürcüstan) ilə qarşılaşıb. Bu görüşdə məğlub olan idmançımız turnirlə erkən vidalaşıb. Eyni çəkidəki Məmmədəli Mehdiyevin çıxışı isə uğurlu alınıb. O, mübarizəyə 1/8 finaldan qoşulub. 29 yaşlı idmançı bu mərhələdə Nadav Zurat (İsrail) ilə üz-üzə gəlib və qələbəyə sevinib. Cüdoçumuz 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan), yarımfinalda isə Erlan Şerova (Qırğızıstan) da qalib gəlib. Mehdiyevin qızıl medal uğrunda qarşılaşmadakı rəqibi Nemanya Maydova (Serbiya) olub. Rəqibinə qızıl xal bölümündə qalib gələn Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"nin qalibi olub. 
 
100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu (Dominikan Respublikası) məyus edib. Növbəti mərhələdə Azərbaycan cüdoçuları bir-birinə rəqib olub. Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, yarımfinalda İlya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib. O, bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gəlib. Bu rəqibinə qızıl xal bölümündə qalib gələn idmançımız bürünc medala sahib çıxıb. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub. 
 
100 kq-dan yuxarı çəkidəki Uşanqi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub və medalsız qalıb.
 
"Böyük Dəbilqə"nin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest