Bolqarıstanın Veliko Tarnovo şəhərində keçirilən güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri başa çatıb. Matc.az xəbər verir ki, 74 kq çəki dərəcəsində finalda Azərbaycanın iki təmsilçisi üz-üzə gəlib. 
 
Belə ki, birincilik uğrunda millimizin üzvləri Cəbrayıl Hacıyevlə Turan Bayramov qarşılaşıb. Bu dueldə baş verənlər isə sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.  
 
Əslən dağıstanlı olan Cəbrayıl iki dəfə qəsdən barmaqlarını Turanın gözünə soxur və bundan istifadə edib, ardınca xal alır. Görüşün sonunda isə güləşməkdən aşkar şəkildə yayınır və görüş güləşdən çox "qaçma-tutma"ya bənzəyir...
 

Azərbaycanı təmsil edən bir idmançı beynəlxalq arenada, yüzlərlə xarici idmançının gözü qarşısında öz komanda yoldaşına qarşı niyə bu cür açıq qayda pozuntusu, kobudluq, qanacaqsızlıq və hörmətsizlik etsin ki?! 

Deyək ki, hakimlər kor idi, bəs yığmanın məşqçiləri hara baxırdı? 
 
Xatırladaq ki, son ölkə çempionatında Bayramov Hacıyevə finalda qalib gəlib. İndi belə təəssürat yaranır ki, dağıstanlı legioneri milliyə gətirənlər yerli idmançımızın əvəzinə hər vəchlə məhz onu qarşıdan gələn Avropa çempionatına aparmaq niyyəti güdürlər… 
 
Bayramov hazırda ən gənc və ən titullu güləşçimiz sayılır. Yeniyetmələr arasında Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibi, gənclər arasında dünya və Avropa çempionu, böyüklər arasında Avropa ikincisi və Olimpiya iştirakçısıdır. Belə olan halda, idman karyerasının ən vacib keçid dövründə onu kim sındırmağa çalışır?!
 
Azərbaycana, bayrağımıza, dövlətimizə ancaq pul kimi, qazanc kimi baxan bir legionerin ayağına niyə verirsiniz bu gənc və perspektivli idmançımızı?! Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, sərbəst güləş yığmasının məşqçi heyəti, bu rüsvayçılığa reaksiya veriləcəkmi? 
 
Hacıyev beynəlxalq arenada komanda yoldaşına qarşı etdiyi bu biabırçı hərəkətlərinə görə cəzalandırılacaqmı?
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest