"Çəki salmağa görə bir az yorğunluq var idi. Amma özümü toparlaya bildim və məşqçilər məni qalibiyyətə yönəltdilər. Qızıl medalla qayıtdığım üçün sevinirəm"

İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədə kişilərin komanda hesabında birinci olan cüdo üzrə Azərbaycan millisi Bakıya qayıdıb. Matc.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, cüdoçuların yaxınları və jurnalistlər qarşılayıb.
 
90 kq çəki dərəcəsində qızıl medal qazanmış Məmmədəli Mehdiyev yarışa çox yaxşı hazırlaşdıqlarını diqqətə çatdırıb. 29 yaşlı idmançı 2021-ci ilin sonlarında təlim-məşq toplanışlarına başladıqlarını bildirib: "Bundan əvvəl Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə gümüş medal əldə etmişdim. Hazırkı yarışda da özümü yaxşı hiss edirdim. çəki salmağa görə bir az yorğunluq var idi. Amma özümü toparlaya bildim və məşqçilər məni qalibiyyətə yönəltdilər. Qızıl medalla qayıtdığım üçün sevinirəm".
 
Mehdiyev turnirdəki hər görüşün onun üçün xüsusi olduğunu vurğulayıb: "Hamı əziyyət çəkib yarışa gəlib və öz vətəninin bayrağını orada dalğalandırmaq istəyir. Bizim də niyyətimiz qalib gəlmək idi. Ən güclü duellərimdən biri Serbiya təmsilçisi Nemanya Maydova qarşı final qarşılaşması oldu. Həmin rəqibə daha əvvəl 4 dəfə məğlub olmuşdum. Keçmişdə buraxdığım səhvləri bu dəfə məşqçilərin sayəsində təkrarlamadım".
 
66 kq çəkidə gümüş medal əldə etmiş Yaşar Nəcəfov ardıcıl olaraq Ukrayna, İsrail və İspaniya təmsilçilərinə qalib gələrək yarımfinala adladığını xatırladıb: "1/4 finaldakı ispaniyalı Martin Qaytero yarışın favoritlərindən hesab olunurdu. çox güclü idmançıdır, reytinqdə 11-ci pillədə idi. Yarımfinalda monqolustanlı Xerlen Qanbola qızıl xal bölümündə yaxşı fəndlə qalib gəldim".
 
Böyük Dəbilqədən əvvəl koronavirus testi müsbət çıxmış 73 kq-dakı Rüstəm Orucov yarışa yaxşı hazırlaşdığını deyib: "Bu xəstəliyi simptomsuz keçirmişəm. 5 gün karantində qalası oldum. Bundan sonra ik idəfə test verdim və neqativ çıxdı. Bizim komanda formadadır. Federasiyamız və məşqçilərimizi həmişə bizə dəstək olur. Cüdoçulara hər cür şərait yaradırlar və biz də medallarla qayıdırıq".
 
Yığmanın kapitanı əsas məqsədinin Avropa çempionatına hazırlaşmaqdan ibarət olduğunu sözlərinə əlavə edib: "Həmin yarışdan əvvəl özümü başqa bir turnirdə yoxlamaq istəyirəm. Bu, ya Gürcüstandakı, ya da Türkiyədəki Böyük Dəbilqə olacaq".
 
60 kq-dakı Kəramət Hüseynov yarımfinalda qazaxıstanlı Baurjan Nabayev ilə görüşdə zədələndiyini xatırladıb: "Rəqibə əks fənd etdim və vazari xalı aldım. Qola qırıcı fənd etmək istəyirdim. Lakin bəxtsizlik oldu və çiynimin üzərinə düşdüm. Nəticədə hakim görüşü dayandıraraq, qələbəni rəqibə verdi, mən isə yarışa davam edə bilmədim".
 
24 yaşlı idmançı 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına hazırlaşacağını söyləyib: "Zədəmi müalicə etməyim lazımdır. Ya əməliyyat olunacaq, ya da müalicə alacağam. Məsələyə bu gün həkim rəyindən sonra aydınlıq gələcək. Avropa çempionatına hazırlaşmaq lazımdır".
 
Komandanın baş məşqçisi Mövlud Mirəliyev isə "Report"a açıqlamasında bildirib ki, yarışdan öncə Rüstəm Orucov (73 kq) və Murad Fətiyevin koronavirus testləri pozitiv çıxıb: "Həmin idmançılar da yarışa qatılsaydı, yaxşı nəticə verərdilər. Kəramət Hüseynov yarımfinalda irəlidə olduğu görüşdə zədələndi. Qələbə münasibətilə başda federasiya rəhbərliyi olmaqla, bütün cüdosevərləri təbrik edirəm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest