"Azərbaycanlı güləş məşqçiləri bu gün maklerliklə məşğul olurlar". Matc.az xəbər verir ki, bunu sərbəst güləşçi Turan Bayramovun şəxsi məşqçisi Abil İbrahimov deyib.
 
Bolqarıstanın Veliko-Tırnovo şəhərində keçirilən Dan Kolov - Nikola Petrov memorialında yetirməsi ilə komanda yoldaşı Cəbrayıl Hacıyevin final görüşündə baş verən qalmaqal barədə danışan mütəxəssis qarşılaşma zamanı yaşananların idman prinsiplərinə yad olduğunu, dağıstanlı legioner barədə ölçü götürülməli olduğunu bildirib: 
 
"Bildiyiniz kimi, son ölkə çempionatının finalında Turan Cəbrayıla qalib gəlmişdi. Yığmanın məşqçiləri qərara aldı ki, onları bir də Bolqarıstan turnirində sınasınlar. Avropa çempionatı öncəsi idmançının hansısa turnirdə iştirakı lazımdır, buna bir söz demirəm. Sadəcə, Turan yarış vaxtı özünü yaxşı hiss etmirdi. Dağıstanda təlim-məşq toplanışında olarkən xəstələnmişdi. Finalda yaşananları da hamı gördü. Gördülər ki, Cəbrayıl barmağını onun gözünə soxaraq qələbə qazanıb. üstəlik, son saniyələrdə açıq-aşkar görüşdən yayınmağa çalışdı. Əməlli-başlı qaçırdı. Halbuki dağıstanlı idmançıya xəbərdarlıq edilməli idi. çünki əlini rəqibin gözünə soxmağa nəinki güləşdə, heç qaydasız döyüşdə də icazə yoxdur. Millinin baş məşqçisi Namiq Abdullayev mütləq hər iki idmançı ilə söhbət etməlidir. çünki onlar komanda yoldaşlarıdır. Qaydaları pozub qələbə əldə etməyə nə ad vermək olar? Məşqçi Cəbrayılla ən azı tərbiyəvi söhbət aparmalıdır. Hələ mən cəzalandırmağı demirəm. Güləşdə yazılmayan qanunlar var. Bu, kişi idman növüdür. Digər ölkə təmsilçisi ilə güləşəndə belə, bu yola əl atmaq olmaz. Güləşdə, cüdoda elə bizim idmançılarla bağlı nə qədər gözəl nümunələr var. Olimpiya Oyunlarında belə, öz prinsiplərinə sadiq qalıblar, zədəli rəqibə qarşı son dərəcə ehtiyatla davranıblar. Əsl idmançı belə olmalıdır".
 
Məşqçi əcnəbi idmançının milli komandaya cəlb olunmasının şəxsi maraqlara xidmət etdiyini vurğulayıb: "Yerli məşqçinin yetişdirdiyi idmançı medal gətirəndə mükafat həmin mütəxəssisə çatır. Bizim bəzi məşqçilər isə Dağıstandan hazır idmançıları gətirib maklerlik edirlər, mükafatı öz adlarına yazdırırlar. Fikrimcə, dövlət legionerlərin məşqçilərinə qətiyyən mükafat ayırmamalıdır".
 
İbrahimovun fikrincə, legioner yerli idmançılarla başabaş güləşirsə, onlara ehtiyac yoxdur: "Mən özüm də legioner həyatı yaşamışam, Qazaxıstanın adına güləşmişəm. O vaxt bizə deyirdilər ki, yerli idmançıya 3 xaldan az fərqlə qalib gəlsəniz, öz uşaqlarımıza şans verəcəyik. Məntiqlə legioner yerli idmançıdan bir baş üstün olmalıdır ki, ona yığmada yer olsun. Bu qaydanı bizdə də tətbiq etsələr, yaxşı olar".
 
Mütəxəssis yetirməsinin Azərbaycan güləş tarixində 20 yaşadək ölkəyə ən çox medal gətirən güləşçi olduğunu xatırladıb:
 
"20 yaşına kimi 3 dəfə böyüklər arasında Azərbaycan çempionu olub. Yeniyetmələrin Olimpiya Oyununlarının, 23 yaşadək güləşçilər arasında dünya çempionatının, gənclərin Avropa çempionatının qalibi olub. Böyüklərdə Avropa ikincisidir. 20 yaşadək bu qədər medalı nə Hacı, Toğrul gətirib. Yaşının, karyerasının bu məqamında Turanı sıxışdırmaq ədalətsizlikdir. O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır. Oradan medal gətirməyə real namizəddir". report.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest