23 Fevral 2022, 19:49
DÖYÜŞ NÖVLƏRİ
Sabah Türkiyədə 2022-ci ilin güləş üzrə ilk reytinq turnirinə start veriləcək. Matc.az xəbər verir ki, İstanbulda Yaşar Doğu, Hamit Kaplan və Vehbi Əmrənin xatirəsinə keçiriləcək yarışda hər 3 güləş növü üzrə mübarizə baş tutacaq.
Yunan-Roma güləşi üzrə millimiz üçün bu turnir ilin ilk yarışı olacaq. Baş məşqçi Aleksandr Tarakanovla böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) ölkəmizi təmsil edəcək.
Qadınlardan ibarət millimizin baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) uğur qazanmağa çalışacaq.
Məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi altında isə İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) sərbəst güləş üzrə yarışda mübarizə aparacaq.
Qeyd edək ki, fevralın 27-dək davam edəcək reytinq turnirində beynəlxalq dərəcəli hakimlərimizdən Sədi Quliyev və Natiq Hacıyev ədaləti qoruyacaq.