Gələn həftə Azərbaycan güləşçiləri ilin ilk ciddi sınağına çıxacaq. Matc.az xəbər verir ki, martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatı keçiriləcək.
 
Yeddinci dəfə təşkil olunacaq analoji yarışda 34 ölkədən 420 güləşçinin iştirakı gözlənilir. Yunan-Roma güləşində 157, qadın güləşində 118, sərbəst güləşdə isə 145 idmançının adı sifariş olunub. 
 
Qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Sabah güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Martın 7-9-u aralığında məşqçilər Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.
 
Ayın 8-də qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün zərif cinsin nümayəndələri xalça üzərinə çıxacaq. Məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) Plovdivdə qüvvəsini sınayacaq.
 
Martın 10-da sərbəst güləşdə püşkatma mərasimi baş tutacaq. Ertəsi gün bu növdə mübarizəyə start veriləcək. Aç-nin son 3 günündə məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) çıxış edəcək.
 
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimizdən Hicran Şərifov və Tural Əliyev ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest